Şərqi Zəngəzur yenidən inşa edilir

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

İşğaldan azad olunan ərazilərdə əhalinin rahat yaşaması üçün əlverişli şərait yaradılır

 
 Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
  Qeyd edək ki, “Şəhərsama Həftəsi 2023” tədbiri çərçivəsində keçirilən bur Forumun işğaldan azad olunan ərazidə baş tutması təsadüfi deyil.
 Otuz illik işğal ərzində Ermənistan Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini qəsdən dağıtmış, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu 

“Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb. Artıq Ermənistanın işğalından azad edilmiş ərazilərimizə həyat geri qayıdır. Vətən müharibəsindən sonra Azərbaycan keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün urbisidə məruz qalmış 10 min kvadratkilometrdən çox ərazini sıfırdan yenidən qurur, şəhərlər və kəndlər inşa edir.
  Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritetliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) ilə əməkdaşlığa başlayıb.
Bu əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib.
  Bu il isə dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə ölkəmizdə UN-HABİTAT və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə sentyabrın 29-dan başlayaraq bir sıra nüfuzlu tədbirlərdən ibarət “Şəhərsalma Həftəsi”nə start verilib. “Şəhərsalma Həftəsi” bu gün Zəngilanda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu (NUFA2) ilə başlayacaq. Forum növbəti günlərdə işini paytaxt Bakıda davam etdirəcək.
  2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi: “Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya, evlərinə qayıdıblar. Ağalı "ağıllı kənd"inə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar. Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır”.
  Prezident həmçinin qeyd edib ki, qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, irihəcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu bizim Proqramın tərkib hissəsidir. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub.
  Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev isə deyib ki, Azərbaycanın "2022-2026-cı illər "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulur.
  V.Hacıyevin sözlərinə görə, azad edilmiş ərazilərdə hazırda infrastruktur layihələri həyata keçirilir. O əlavə edib ki, innovativ tikinti materiallarından istifadə olunmaqla Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji ev tikilib: "Ağıllı kənd innovativ texnologiyalar əsasında tikilib. Əhalinin kənddə yaşaması üçün əlverişli şərait yaradılıb. Tikilib istifadəyə verilən 134 evə 600-dən çox vətəndaş köçürülüb".
  Zəngilanda da keçirilən Forumu yüksək dəyərləndirən millət vəkili Vüqar Bayramov isə “Sherg.az”a açıqlamasında deyib ki, işğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində görülən işlər təqdirəlayiqdir: “O cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkil edilməsi, xüsusilə də tədbirin azad edilmiş ərazilərdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

  “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işləri intensiv şəkildə davam etdirilir. Şərqi Zəngəzurla yanaşı Qarabağ iqtisadi rayonunda da əhalinin məskunlaşma prosesinə start verilib. Füzuli şəhərinə köç davam edir. İlin sonuna qədər Füzulidə 800, Qarabağda isə 2000 ailənin məskunlaşması nəzərdə tutulub”.
  Zəngilanın ölkəmiz üçün kifayət qədər strateji əhəmiyyətə malik olduğunu vurğulayan millət vəkili deyib ki, füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq.
  Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək.
  
Ölkə başçısının son səfəri də bir daha sübut edir ki, Zəngilanda yenidənqurma işlərinə çox ciddi diqqət ayrılıb. Forumda çıxış edən ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngilanın Baş planına uyğun olaraq bir neçə yaşayış layihəsi icra olunmaqdadır. Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib”.