Ermənistan dövləti mütləq şəkildə təzminat ödəməlidir - RƏY

Sübut etmək çətin olmayacaq

Yüzmilyardlarla dollar maddi zərərdən söhbət gedir

"Ermənistanın Azərbaycana vurduğu ziyana görə kompensasiya ödəməsi üçün ciddi iş aparılır". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Başlıbel qətliamı ilə bağlı hazırladığı hesabatın təqdimatı zamanı deyib.Onun sözlərinə görə, Ermənistan öz məsuliyyətini həmişə inkar edir, baş verən hadisələrdə separatçı rejimi günahkar kimi göstərirdi: "Ancaq beynəlxalq hüquq açıq şəkildə göstərir ki, baş vermiş hadisələrdə birbaşa cavabdeh Ermənistan dövlətidir. Avropa İnsan Hüquqları Məhkəməsi də 8 il əvvəl Ermənistan dövlətinin bu hadisədə iştirak etdiyini təsdiqləyib. Azərbaycan torpaqları işğal edilərkən minlərlə vətəndaşımız qətliama məruz qalıb, bunlardan biri də Başlıbel qətliamıdır".V.Hüseynov Azərbaycan ərazisində mülki obyektlərin məhv edilməsindən də söz açıb: "Ümidvaram ki, Ermənistan dövlət olaraq işğalda məsuliyyətli tərəf kimi tanındığına görə gələcəkdə onlardan mülki obyektlərə dəymiş ziyana görə kompensasiya alınacaq. Hazırda Azərbaycan dövləti bu istiqamətdə ciddi işlər görür".
Siyasi və Hüquqi Araşdırmalr Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov isə “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Azərbaycana vurduğu ziyana görə kompensasiya ödəməsi dövlətimiz üçün ən aktual məsələlərdən biridir: 

“Biz döyüş meydanında düşmənə qarşı mübarizə apardıq və qalib gəldik. Siyasi və diplomatik müstəvidə aparılan danışıqlarda da öz sözünü deyib, düşmənə və onun havadarlarına qarşı böyük nailiyyətlər əldə edib. Düşmənə və onun arxasında dayanan güclərə qarşı siyasi müstəvidə əldə etdiyimiz ən böyük uğurlardan biri isə qondarma rejimin tarixin arxivinə göndərilməsidir. Düzgün yeridilən siyasət və diplomatiya ilə, heç bir güc tətbiq etmədən, “Artsax” rəhbərliyinin özünü buraxmaq məcburiyyətində qalması kifayət qədər böyük bir hadisədir. İkinci Qarabağ müharibəsinə qədər də Azərbaycan dövlətinə qarşı ittihamedici fikirlər səsləndirirdilər ki, əgər doğrudan da Ermənistan Azərbaycana qarşı sülh və insanlıq əleyhinə müharibə cinayətləri, soyqırım törədibsə, maddi-mənəvi zərər vurubsa, niyə Azərbaycan bununla bağlı Ermənistana qarşı iddia qaldırmır?! Halbuki ayrı-ayrı şəxslərlə bağlı beynəlxalq məhkəmələrə müraciətlər olmuşdu.
Ermənistanın torpaqlarımızı işğalda saxladığı 30 il ərzində dünya gücləri və beynəlxalq təşkilatlar tərəfindən bu qəsbkarlığa ikili standartla yanaşıldığı kimi, erməni faşizminin törətdikləri dəhşətli vandallıqlara da bir çox hallarda laqeyd münasibət bəslənilib. Belə ki, 2017-ci il dekabrın 12-də Avropa İnsan Hüquqları MəhkəməsiLaçın rayonunun sakinləri Çıraqov və başqalarının hüquqlarının pozulduğu qənaətinə gəlib, iddiaçıların 1992-ci ildə mülkiyyətlərinin ermənilər tərəfindən ələ keçirildiyini, bundan sonra vətənlərinə qayıda bilmədiklərini təsdiqləyib. Bununla da Ermənistan hakimiyyəti təqsirli bilinib və üzərinə təzminat öhdəliyi qoyulub. Amma o zamanlar bizim əlimizdə kifayət qədər dəlil və sübutlar olmadığı üçün bu öhdəliyin icrası ilə bağlı bir nəticə olmadı.
Əslində Azərbaycana qarşı törədilən cinayət və dəymiş zərər barəsində hamı məlumatlı idi, hətta beynəlxalq təşkilatlar da bunu bilirdi. Sadəcə olaraq prosesə hüquqi qiymət verilməsi üçün əsaslı sübutlar təyin etməli idik. Lakin təəssüflə qeyd edim ki, 44 günlük Vətən müharibəsinə qədər torpaqlarımızın 20 faizi düşmən işğalında olduğu üçün biz kütləvi cinayətlər, soyqırımlar barəsində sübut toplaya bilmirdik”.
2020-ci ildə torpaqlarımız işğaldan azad olunduqdan sonra ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunan ərazilərə intensiv səfərini xatırladan ekspert deyib ki, bütün diplomatik səfərlər həmin ərazilərdəki erməni vəhşiliyi və vandallığını, Qafqazın “Xirosiması” adını alan Ağdamda, Füzuli, Qubadlı, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın və s. ərazilərimizdəki erməni vəhşiliyini dünyanın diqqətinə çatdırmaqla bir növ bugünkü proseslər üçün hüquqi zəmin toplanmasına hesablanmışdı. İndinin özündə də ölkə başçısının birbaşa göstərişi ilə daxili və xarici ekspertlər azad olunan ərazilərdə bu istiqamətdə tədqiqat aparır:“Lakin həm mina təhlükəsi səbəbindən proses bir az ləng gedir, həm də hazırda 30 ilə yaxın müddətdə erməni işğalı altında saxlanılaraq vəhşicəsinə dağıdılan, talan olunan torpaqlarımızda sürətlə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Erməni vəhşilikləri nəticəsində dağıdılan şəhər və kəndlərimiz hazırda Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ən müasir şəkildə bərpa olunur. Beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycana dəyən ziyanın qiymətləndirilməsi prosesi yekunlaşan kimi təzminat ödənilməsi ilə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcək”.
Ermənistanın məsuliyyətdən boyun qaçırmasına gəldikdə isə X.Bəşirov deyib ki, qondarma rejimin arxasında dayanan gücün Ermənistan dövləti olduğunu bütün dünya ölkələri və beynəlxalq təşkilatlar çox yaxşı bilir: “Bir zamanlar Ermənistanın siyasi rəhbəri olan Robert Köçəryan, Serj Sarkisyan kimi şəxslər Azərbaycana qarşı törədilən cinayətlərin bilavasitə iştirakçıları olub. Əvvəllər qondarma rejimə, daha sonra isə Ermənistana rəhbərlik edən bu şəxslərin törətdikləri cinayətləri sübut etmək bizim üçün bir o qədər də çətin olmayacaq.
İndiki Baş nazir Nikol Paşinyanın özü belə hakimiyyətə gələndən sonra “Qarabağ Ermənistandır, nöqtə” deyib, qondarma rejimin inauqurasiya mərasimində içkili vəziyyətdə Şuşada yallı gedib, eyni zamanda separatçıların maddi-hərbi bütün təminatları məhz Ermənistan dövləti tərəfindən edilib. Bu gün Nikol Paşinyanın Qarabağdakı proseslərə "bizə aidiyyəti yoxdur" deməsi ilə Ermənistan məsuliyyətdən azad olmur.
Məgər 30 il müddətində Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanla danışıqlar aparan tərəf Ermənistan dövləti deyil? Bütün sammitlərdə, XİN başçıları və Prezidentlər səviyyəsində keçirilən ikitərəfli, üçtərəfli görüşlərdə Azərbaycanın qarşısına separatçı rejimin yox, Ermənistan dövlətinin rəsmiləri oturub. Onlar hər nə qədər qondarma rejimi masaya oturtmağa çalışsalar da, buna nail ola bilmədilər. Çünki Azərbaycan üçün qondarma rejim opponent deyildi”.
Ekspert deyib ki, Birinci Qarabağ müharibəsi və ondan sonrakı işğal dönəmlərində, həm də 44 günlük müharibədə Azərbaycanın mülki obyektlərinə təhlükəli silahlardan atəş açaraq əhaliyə xeyli sayda zərər vurulub: “İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən dövr ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Yüzmilyardlarla dollar maddi zərərdən söhbət gedir ki, Ermənistan dövləti mütləq şəkildə təzminat ödəməlidir. Vaxtı gələndə dövlət bu istiqamətdə də real addımlar atılacaq. Cinayətkar ünsürlərdən bir qismi məsuliyyətə cəlb olunub, digərlərinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Qeyd etdiyim kimi, Azərbaycan dövlətinin sərt və prinsipial mövqeyi nəticəsində “Artsax” rejimi də özünü buraxdı. Dövlətimiz düşmənə döyüş meydanında, siyasi müstəvidə, informasiya cəbhəsində necə zərbə vurdusa, davamı olaraq hüquqi müstəvidə başlatdığımız prosesi sona çatdıracağıq. Həm Ermənistan dövləti, həm də ona rəhbərlik etmiş ayrı-ayrı şəxslər Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə mütləq şəkildə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Ermənistan bu gün Roma statusunu təsdiqləməklə gələcəkdə Azərbaycanın Ermənistana qarşı məhz bu statusdan istifadə etməsinə zəmin yaradır”.