Azərbaycan beynəlxalq sazişlərə qeyd-şərtsiz qoşula bilər  

“Beynəlxalq sazişlərə qoşulmağımız artıq dəyişəcək, qeyd-şərt aradan götürülüb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputat bildirib ki, artıq Azərbaycanın suverenliyi tam təmin olunub: “Biz artıq beynəlxalq sazişlərə qeyd-şərtlə qoşulmayacağıq. Bu, çox böyük hadisədir”.
 
Səməd Seyidovun fikirlərini “Sherg.az”a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, bu addımı atmazdan öncə bir qədər  proseslərin gedişatını gözləmək olardı:

“Azərbaycan və  Ermənistan arasında olan əsas problem Qarabağ problemi idi. Lokal antiterror tədbirlərindən və onun nəticəsi olaraq  Azərbaycan Dövlət Orqanlarının artıq Xankəndində fəaliyyətə başlamasından sonra  problemlər həll olunub. Azərbaycan öz sərhədlərini beynəlxalq hüquqla tanınmış trayektoriyaya çəkmiş durumdadır.  Ərazi bütövlüyü tam bərpa edilib. Ərazi bütövlüyümüzə, təhlükəsizliyimizə ciddi təhlükə qalmadığına görə Azərbaycanın beynəlxalq sazişlərə hər hansı qeyd-şərt olmadan qoşulması normal haldır”. 

Qeyd edək ki, indiyə qədər Azərbaycan beynəlxalq sazişlərə Ermənistanla bağlı qeyd-şərtlə qoşulub.