“Hazırda Ermənistan bütün qlobal və regional dostlarını itirib, yanımızda duran yoxdur”.
Bunu Ermənistanın birinci xarici işlər naziri Vardan Oskanyan deyib.
“Nikol Paşinyanın məsləhətə ehtiyacı var, lakin heç kimə qulaq asmır. Bu gün danışıqlar prosesində izlədiyimiz yolda uğursuzluğa düçar olmuşuq. Tək qalmışıq. İndi kritik mərhələyə qədəm qoyuruq. Paşinyanın dərdi nədir? Öz təhlükəsizliyi üçün narahatdır? Elədirsə, mən müxalifətlə onun arasında görüş təşkil edə bilərəm”, – Oskanyan bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ümumiyyətlə Vardan Oskanyan keçmiş Serj Sarkisyan və Robert Koçaryanın klanına mənsub olan şəxsdir:
"Onlar Rusiyanın adamları idilər və indi hakimiyyəti əldən veriblər. Həmçinin öz siyasətlərini Qarabağ kartı hesabına qurublar. Geosiyasi mövqedə vaxtilə Rusiyanın mövqeyi güclü idi. Görünən odur ki, Oskanyan yeni geosiyasi vəziyyəti dəyərləndirə bilmir. Yaxud da bunu analiz edə bilir, amma bunları manipulyasiya edərək Ermənistanın dostu olmadığını vurğulayır. Rusiya Ermənistanın dostu olmayıb. Sadəcə olaraq Ermənistan Şimal qonşumuzun forpostu olub. İran məhz Azərbaycan faktoruna görə Ermənistanı dəstəkləyib. Beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan öz ərazilərini və suverenliyini bərpa etdi. Həmçinin Türkiyə ilə birgə Rusiya və İranı bu məsələlərdə neytrallaşdıra bildi. Ermənistan elə də önəmli ölkə deyil. Sadəcə Serj Sarkisyan və Robert Koçaryan klanı olaraq daimi Rusiyaya arxayın olublar.
Onlar Rusiyanın siyasi, hərbi dəstəyi sayəsində hakimiyyətdə qalıblar. Hazırda Nikol Paşinyan ölkəsini Rusiya orbitindən çıxarmağa və müəyyən avrointeqrasiya siyasəti yürütməyə çalışır. Burada uğurlu olmaq üçün isə Azərbaycan ilə sülh müqaviləsi bağlamalıdır. Təbii ki, müxalifətin Nikol Paşinyana olan iradları Qarabağ ilə bağlıdır. Oskanyan və onu dəstəklənən qurumların fikirləri tamamilə beynəlxalq hüquqa ziddir. Onların əsas məqsədi hakimiyyəti ələ almaq və yenidən Azərbaycana qarşı koalisiya yaratmaqdır. Artıq o geosiyasi şərtlər yoxdur və yeni dünya nizamı formalaşır. Xüsusilə də Cənubi Qafqazda artıq vəziyyət yeni bir sistemdə həyata keçirilir. Ona görə də daxildən Nikol Paşinyana ciddi təhlükə yoxdur. Xüsusilə Qərb, ABŞ və Fransa onun hakimiyyətini qoruyur".