Ali Baş Komandan qəhrəmanlıq salnaməsini yaratdı

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırıb

Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. 
  
Bu gün isə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın dövlət quruculuğu təcrübəsi artıq dünyada mükəmməl örnəklərdən biri kimi qəbul edilir.
  
Keçən 20 il ərzində  Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
 Əslində, dövlətçilik tariximizi davamlı edən və ardıcıllığını qoruyan onu yaradan böyük dövlət xadimləridir. Müasir dövlətçilik tariximizdə isə bu uğuru təmin edən, böyük tarixi şəxsiyyət, Ali Baş Komandan İlham Əliyevdir. Məhz bu səbəbdən də 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Qeyd edək ki,  İlham Əliyevin 2003-cü ilin 15 oktyabr tarixində Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür. Ötən bu illər ərzində o, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəyib, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkişafının qarantı olduğunu əyani şəkildə sübuta yetirib. 
  
Eyni zamanda onun rəhbərliyi ilə Azərbaycanda dövlətçilik atributları maksimum gücləndirilib, siyasi sabitlik tamamilə yeni mərhələyə qaldırılıb, dövlət aparatının işləkliyi və funksional səmərəliliyi dəfələrlə artırılıb.
  
Azərbaycan nəinki regionda, dünya ölkələri sırasında yüksək rəqabət qabiliyyətinə malik ölkə statusuna yiyələnib, dövlətimizin imici əhəmiyyətli səviyyədə yüksəlib.
   
Dövlət rəhbəri kimi İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti siyasi varisliklə yeni tarixi epoxanın reallıqları, müasirlik və modernləşdirmə üzərində qurulub. Qətiyyətli siyasi iradə, dünyanın ictimai-siyasi gedişatını dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyən edilmiş strategiyanı  dönmədən həyata keçirmək istedadı milli dövlətçilik tarixində İlham Əliyevin özünəməxsus obrazının yaranmasına xidmət edir. 
Atdığı düşünülmüş və qətiyyətli addımlar nəinki ölkə həyatının bütün sahələrində, eyni zamanda beynəlxalq miqyasda Prezident İlham Əliyevə əsl liderlik nüfuzu  qazandırıb. 
  
Əsrə bərabər iyirmi ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb.
  
Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi iyirmi illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir. Azərbaycanın Qarabağ savaşı beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqi ilə aparılmış müharibə kimi də təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandanın "dəmir yumruğ"u ilə 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə də qüdrətli dövlət rəhbəri olan İlham Əliyev daha bir mühüm tarixi zəfərə imza atıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 illik işğaldan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin möhtəşəm tarixi Zəfəridir. 
  
Millət vəkili Naqif  Həmzəyev isə “Sherg.az”a açıqlamasında deyib ki, 20 il öncə - 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirib:

- Prezident İlham Əliyev ölkəmizi qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə Ulu  Öndərimizin arzularını reallaşdırıb.
  Prezident İlham Əliyev 20 il ərzində xalqa layiqincə xidmət edərək, verdiyi vədləri bütünlüklə yerinə yetirdi, Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin edilməsinə və əsrin qalib ölkəsinə çevrilməsinə nail olub. 
Deputat qeyd edib ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib: 

“Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin gərgin və yorulmaz əməyi sayəsində Azərbaycan regionda və dünyada lider dövlətə çevrilib. Ölkəmiz bir-birinin ardınca sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanıb. İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti sayəsində regionda dünya əhəmiyyətli layihələr həyata keçirilərək, Azərbaycan sərmayə yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib. İlham Əliyev müqayisəsiz parlaq simadır, dünya səviyyəli liderdir. Onun xalqı üçün gördüyü işlərin miqyası müqayisəyəgəlməzdir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin idarəçilik məharətinin sayəsində yeni-yeni uca zirvələr fəth etməkdədir.
  
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırıb, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrilib. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu”.