Şəhərin azad olunması xəbəri ürəyimizə su səpdi  - 27 ilin son payızı

Füzuli Qarabağın hava qapısıdır

Qələbə salnaməmizin növbəti səhifəsindən 3 il ötür. Düz 3 ildir ki, biz  işğal günlərini deyil, qələbə tarixlərini qürurla qeyd edirik. 17 Oktyabrda da  Azərbaycanda ilk dəfə Füzuli Şəhəri Günü kimi qeyd olunub.
  
44 günlük Vətən müharibəsinin 21-ci günü - oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin erməni işğalından azad edildiyi gün kimi yazılıb. 
  
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Müzəffər ordumuz məhz üç il öncə Füzuli şəhərini erməni hərbçilərdən təmizləyərək şanlı üçrəngli Azərbaycan bayrağını şəhər mərkəzində ucaldıb. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
  
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a açıqlamasında deyib ki, bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır. 3 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoydu. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri son 2 ayda minədək doğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyub.
Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-cı ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.  Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq.  Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Füzuli Şəhər Gününüz Mübarək!”.

“Yaxın bir qadın var, danışır ki, 80-lərin axırında bacısı Qafandan Füzuliyə gəlin köçüb. Böyük ailə, kənd yeri, həyət-baca, bitib-tükənməyən iş, körpələr… Sonra müharibə, köçkünlük, çadır şəhərciyi…”.
Bu sözləri isə sosial media hesabında jurnalist Vüsalə Məmmədova yazıb. 
 
Jurnalistin sözlərinə göə, sözügedən ailə axırda, Sumqayıtdakı yataqxanaların birində özlərinə yer tapanda seviniblər:

 “Bütün ömür o yataqxana şəraitsizliyində keçib. İndi bir neçə həftədir Füzuliyə köçüb. Qadın danışır ki, hər səhər yaşı 60-ı keçmiş bacımın halını soruşmaq üçün zəng edirəm, o elə hey eyni sözü deyir:

- Bacı, adamın öz evi, normal şəraiti olması nə gözəl imiş... Məcburi köçkün həyatı elə bir məşəqqətdir ki, nə qədər izah etməyə çalışsan da, yaşamayan bilməz. Həyatında nə varsa zülmətdir… Ev dediyin otaqdan tutmuş, məktəb dediyin uçuq-sökük tikiliyə qədər… O günlər bir daha təkrarlanmasın. Günün mübarək, Füzuli”. 

Əslən Füzulidən olan şair-publisist, “Bizim yol” saytının baş redaktoru Bahəddin Həzi isə Füzulinin işğaldan azad olunması gününü belə xatırlayır:
- 2020-ci il oktyabrın 17-də, Füzuli şəhəri azad olunan gün mən iki dostumla yoldaydıq; əsgərlərə yardım sovqatı aparırdıq. Hərbi polis postunda keçid üçün icazə gözləyirdik, orda bu xoş xəbəri aldıq. Çox təsirləndik! Füzuli şəhərini azad etmək asan olmamışdı. Bu istiqamətdə düşmən çoxeşelonlu möhkəmləndirilmiş müdafiə bəndləri qurub, mina tarlaları düzəltmişdi. Ona görə orada itkilərimiz çox olmuşdu. Çox şəhid vermişdik. Füzuli şəhərinin azad olunması xəbəri bu səbəbdən ürəyimizə su səpdi. Şəhidlərimizin qanı, əsgərimizin əziyyəti hədər getmədi. Çox şükür! Bu gün Füzuli rayonu, Füzuli şəhəri tam azaddır. Mən Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində dünyaya gəlmişəm, orda böyümüşəm. 1983-cü ildən bəri - düz 40 ildir  ki, Bakıda yaşayıram. Həyatımın  40 ili, şəxsi karyeram, işim-gücüm Bakı şəhəri ilə bağlı olub. Ancaq imkan düşən kimi köçüb Füzuli şəhərində yaşayacam. Bu gün Füzuliyə qayıdan sakinlərə həsədlə və sevinclə baxıram. Füzuli şəhəri yenidən, yeni və çox gözəl şəkildə tikilir. Bu günlərdə Prezident İlham Əliyev Füzulinin Qoçəhmədli və Cuvarlı kəndlərinin də əsasını yenidən qoydu. Başqa kəndlər də zamanla inşa olunacaq. Füzuli böyük kənd təsərrüfatı rayonudur. Münbit qara torpağı, əlverişli coğrafiyası, zəhmətkeş insanları var. Dövlətin də böyük dəstəyilə bu bölgə çox sürətlə inkişaf edəcək və Füzuli şəhəri də Azərbaycanın ən gözəl şəhərlərindən biri olacaq.
  
Musavat.com saytının baş redaktoru Xalid Kazımlı da “Sherg.az”a açıqlamasında Füzuli şəhərinin işğaldan azad olunduğu günü, saatı, dəqiqəni anbaan xatırladığını deyib: 

- Əslində bir gün əvvəldən bilirdik ki, ordumuz Ərgünəş dağı həndəvərində döyüş aparırsa, demək, Füzuli şəhərinin də azad olunması gün məsələsidir. Biz güman edirdik ki, bu şad xəbər oktyabrın 18-də - dövlət müstəqilliyinə dair konstitusiya aktının qəbul edildiyi gün elan ediləcək, bayram-bayrama qarışacaq. Ancaq həmin gün xain düşmən yenidən Gəncəni, mülki insanları hədəf aldı, 20-dən çox günahsız həmvətənimiz həlak oldu. Gəncənin vurulması xəbərinin hüznünü göz yaşı içərisində yaşayarkən Füzulinin işğaldan azad olunması xəbəri elan edildi. Bir gözümüz güldü, o biri ağladı. 

 Sonradan Şuşaya gedəndə yolumuz Füzulidən keçdi, gördüm ki, oktyabrın 17-də erməni işğalından azad olunan Füzuli şəhəri deyilmiş, vaxtilə Füzuli şəhərinin olduğu yer imiş. Nə bir tikili vardı, nə bir ağac. Hər yan uçuq-sökük binalar, kol-kos basmış yollar, bir sözlə, xarabalıq idi. Sadəcə, torpaq həmin o əziz torpaq idi.
  
Bu gün artıq Füzulidə yaşayış var, məktəb, poliklinika, elektrik yarımstansiyası işləyir. İnsanlar qrup-qrup yeni şəhərə köçürülür. Zamanla daha yaxşı olacaq və bir müddətdən sonra Füzuli şəhəri əski qələbəliyinə qovuşacaq.