"Bu əmrin pozulması hərbi sirlərin yayılmasına səbəb olur"  - Hərbçilərə qadağa!

Orduda smartfon telefonlarından istifadə etmək qadağandır

Müdafiə Nazirliyinin əmri bütün şəxsi heyət üçün keçərlidir

Sosial şəbəkələrdə paylaşım edən hərbçilər ordu sıralarından çıxarılır 

Azərbaycan Ordusunda smartfonlardan istifadə edən və sosial şəbəkələrdə foto, videofakt paylaşan hərbçilər ordu sıralarından çıxarılıb. 

Müdafiə Nazirliyindən “Sherg.az”a bildirilib ki, Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəlik götürürlər. Buna baxmayaraq, bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.
  
Qeyd olunub ki, həmin hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb: "Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.

Əlavə olaraq qeyd edək ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib".
  
Hərbi ekspertlər isə hesab edir ki, smartfon telefonların Silahlı Qüvvələrdə, xüsusən milli ordu zabitlərində, gizirlərdə, maxelərdə, əsgərlər səviyyəsində istifadə olunması güc strukturlarının ən yaralı yeridir. 
  
Hərbi ekspert Elxan Şıxəliyev  isə  “Sherg.az”a açıqlamasında   bu məsələdə hər zaman ciddi və diqqətli yanaşmanın tərəfdarı olduğunu bildirib. 
  
Onun sözlərinə görə, mütəmadi olaraq əsgərlər, gənc zabitlər arasında maarifləndirmə, təlimatlandırma işləri aparmaqla bu kimi halları sıfırlamaq mümkün olacaq:

 “Müdafiə Nazirliyinin müfaviq əmrinə əsasən bütün hərbçilər  - Müdafiə nazirinin özündən tutmuş axırıncı əsgərə qədər, hər kəs üçün smartfon telefonlarından  istifadə etmək qadağandır. Müdafiə Nazirliyinin əmri bütün şəxsi heyət üçün keçərlidir. Bu günə qədər də kifayət qədər hərbçi müdafiə nazirinin sözügedən  əmrini  pozduğu üçün cəzalandırılıb, ordudan uzaqlaşdırılıb. Yəni bu, ilk  hal deyil. Həm 44 günlük müharibə, həm antiterror tədbirləri zamanı  smartfon istifadə edən, sosial şəbəkələrdə paylaşım edən hərbi qulluqçularla bağlı ölçü götürülüb. Hətta 44 günlük müharibədən əvvəlki günlərdə belə bu istiqamətdə qanuna müvafiq addımlar atılırdı. Sadəcə, hər dəfə ictimaiyyətə bununla bağlı məlumat verilmirdi. Görünür, Müdafiə Nazirliyi sözügedən xəbərdarlığı yaymaqla ordu sıralarına yeni qoşulan əsgər və zabitlərə  bir növ mesaj ötürür ki,  müvafiq əmrin pozulması ciddi hərbi sirlərin yayılmasına  səbəb olur”.
Hərbi ekspert hesab edir ki, adətən orduya yeni qoşulan hərbçilər,  hərbi xidmətə yeni gedən əsgərlər qanuna bir o qədər də əhəmiyyət vermir və gizli şəkildə smartfonlardan istifadə edir. Həmin telefonlarla etdikləri çəkilişləri sosial şəbəkə üzərindən paylaşarkən həmin materialların kimə xidmət edəcəyini təsəvvür belə edə bilmirlər: 

“Hansısa bir əsgərin, zabitin paylaşdığı videomaterialı onun dostları, qohumları da götürüb öz vatsap hesablarında paylaşırlar. Beləliklə də, Nazirliyin sirr saydığı məlumatlar həm  ictimaiyyətə açıqlanır, həm də düşmən bundan bəhrələnir. Bir hərbçinin ərazidə paylaşdığı videonun mülki əhali üçün diqqətçəkən məqamı olmasa da, qarşı tərəf hərbi hissələrin lokasiya yerlərinə, komandanlıqlarının vəzifələrinə, texnikalarına, nömrələrinə, geyim formaları ilə qarşı tərəfə məlumatlar toplamaq imkanı verir. Hansı ki, müasir texnologiyalarla adi bir videomaterialdan hərbi obyektlərin  yerini  müəyyənləşdirib, sonrakı mərhələdə ora zərbələr endirilməsi ilə bağlı bir çox nümunələr var. 10 ildir nazirlik bu problemlə bağlı mübarizə aparır, amma hələ də birdəfəlik həll yolu tapılmayıb. Düzdür, smartfonlarla bağlı qadağaları pozan hərbiçilər  şəxsi heyətin çox az bir faizidir. Yuxarıda da qeyd etdiyim kimi, adətən bu səhvi ordu sıralarına yeni qoşulan hərbi qulluqçular, xüsusən də, müddətli müqavilə ilə xidmət edən MAXE-lər edir. Müddətdən artıq xidmət edənlər içərisində gizirlər, kapitan rütbəsinə qədər olan tağım, bölük komandirləri və digər komandirlər heyəti içərisində smartfon  telefonlar vasitəsilə çox ciddi məxfi məlumatların yayılmasına səbəb ola biləcək çəkilişlər edənlər olur. Yüksəkranqlı, peşəkar  zabitlər  artıq qanunvericiliyə bələd olduğundan bunun nə ilə nəticələnəcəyini, nə dərəcədə neqativ nəticələr doğuracağını yaxşı bilirlər.  Bilirlər ki, Müdafiə Nazirliyi bu hərbçiləri ehtiyata buraxmağa qədər sərt qərarlar qəbul edir. Əgər hərbçi bu səhvi bir neçə dəfə təkrar edirsə, birinci xəbərdarlıq, söhbətləşmə ilə qarşısını almağa çalışırlar.  Təkrar olunduğu halda, Müdafiə Nazirliyi sonuncu addım kimi ciddi qərar qəbul edir”.