Acundan bəs nə gözləyirdiniz? 

Elə bilirdiniz bir saatın içində sizə milyonçu olmağı öyrədəcək?

“Sonradan peşman olan, başına-gözünə döyən insanlar olmasa, Acun bu qədər varlı ola bilməz”



  Türkiyəli iş adamı Acun Ilıcalı İnnovativ inkişaf və fürsətlər seminarında çıxış etmək üçün Bakıya gəlib.
22 oktyabr tarixində, Bakı Konqres Mərkəzində təşkil olunan  seminara gedənlər isə xəyal qırıqlığına uğrayıblar.

Belə ki, tədbirin iştirakçıları sosial şəbəkələrdə narazılıqlarını ifadə edərək, yarızarafat-yarıciddi Acunun onları aldatdığını yazıblar.
Halbuki konfransın təşkilatçıları hələ bir neçə ay əvvəldən elan etmişdilər ki, “İnnovativ inkişaf və fürsətlər” adlı seminara gələnlər bolluca motivasiya alacaq, varlanmağın, yaxşı pul qazanmağın, biznes sahibi olmağın yolları barədə məlumatlanacaqlar. İllərin təcrübəsini özündə cəmləyən Acun Ilıcalı  şəxsi inkişaf, fürsətləri dəyərləndirmə, satış strategiyası və startaplar barədə öz biliklərini bölüşəcək. Guya, heç  yerdə danışmadığı təcrübələrini azərbaycanlılara danışıb, heç kimin bilmədiyi mövzu və sirləri söyləyəcək. 
  Bu ümidlə Acunun konfrasına hazırlaşan insanlar da minimum 40, maksimum 490 manatından keçib bilet almışdı. Biletlərin baha olmasına baxmayaraq, Acunun Bakı Konqres Mərkəzində təşkil olunan seminarına gələnlər az deyildi.
  Lakin konfransda iştirak edən jurnalistlərin yazdığı təhlillərdən məlum olur ki, Acun  tədbirdə  nə pul qazanmağın sirlərini, nə də əldə etdiyi uğurların səbəbini danışıb. Ümumiyyətlə, zəngin olmağın "Z"sindən belə danışmayıb”. 
  Hər kəsin bildiyi həyat hekayəsindən: Valideynlərimi itirdim, qəza keçirdim, boşandım və s. və s. həə, bir də müxbirlik dönəmində başına gələn gülməli hadisələrdən danışaraq insanların “eynini” açıb. O hekayələri TV verilişlərində tamaşaçılarını da güldürmək üçün çox danışıb.
  Acun Ilıcalı ilə keçirilən görüşlə bağlı təəssüratlarını yazan jurnalist Çingiz Özgür isə deyib ki, arzuolunmaz nəticəyə səbəb Acun yox, zəif təşkilatçılıqdır: “Yüz ilin ustasını divar hörməyə çağıranda, usta maraqlanır ki, görüm burda nə etmək lazımdı? Acuna nə etmək lazım olduğu ya deyilməmişdi, ya da o özü diktə etmişdi ki, belə olacaq. 
Əvvəla ondan başlayaq ki,  Acun səhnəyə deyilən və elan olunan, afişada yazılan, biletlərin üstündə olan vaxtdan düz 1 saat gec çıxdı. Bir kəlmə üzr istəmədi, gecikmə ilə bağlı nə o, nə də təşkilatçılar tamaşaçılara bircə kəlmə söz belə demədi, üzrxahlıq etmədilər. Acun yenicə savaşdan çıxmış qardaş ölkədə olduğunun, bu savaşda Türkiyənin Azərbaycana verdiyi və davam edən dəstəyin nə qədər önəmli olduğunun sanki fərqində deyildi, Azərbaycanın qələbəsi ilə bağlı bir kəlmə demədi,  şəhidləri xatırlamadı. Borclu idimi, yox! Etməli idimi, bəli! Biz Acundan gözləyirdik.  
  Yerimizdə oturduqdan 40 dəqiqə sonra məlum oldu ki, aşağı zal boşdur, hamını çağırırlar orda oturmağa ki, Acundan ayıbdı, yerlərin boş qaldığı görünməsin. Səhv idi, ya düz demirəm, deyirəm ki, bunu satılan biletlərə baxıb, əvvəldən də etmək olardı. Kimsə tədbir günü günortadan sonra bilet alan deyildi hər halda. 
  Acun varlanmağın sirrini deyəcəkdimi, bunumu gözləyirdik? Əlbəttə ki, yox. Birincisi, o heç özü də bilmir, ikincisi də, belə bir sirr yoxdu ki, deyilə və sən gedib varlanasan.
  Adam böyük layihələri necə aldığından, TV-ni necə alıb, necə qurduğundan, iş prinsiplərindən, böyük başarılarından bir kəlmə belə etmədi. Eləcə, "arkadaş ortamında" söhbət edirmiş kimi, 2-3 gülməli hadisə danışdı, vəssalam”. 
  Digər jurnalist Tural Müseyibov isə belə  yazıb: “Heç olmasa tədbirin adını başqa cür yazardınız. İnnovativ inkişaf, startaplar və fürsətlər... Acun Ilıcalıdan maraqlı bir çıxış, təqdimat gözləyirdim. Şəxsən mən gözlədiyimi görmədim.
  Acun Ilıcalı gəldi. Maraqlı idi hamı üçün. Baxdıq. Operatoru ilə yaşadığı gülməli hadisələri danışdı, keçmiş videoları yayımladı. Gülməli hadisələri. Vəssalam. Bəs sonra… İnnovativ inkişaf, startaplar və fürsətlər. Heç birindən söz açılmadı. Tamaşçılarla selfi çəkdirdi. Və getdi…”.
  Elə digər jurnalistlər də Acundan gözlədikləri motivasiyanı ala bilmədiklərini gizlətmədilər. 
"Acun Ilıcalı Bakıda azərbaycanlı olduğunu açıqladı" başlıqlı xəbəri tirajlayanlar isə guya yeni bir informasiya verdiklərini zənn etdilər. Halbuki bu boyat informasiya yeni deyildi, zatən çoxdan bəlli idi.
Beləcə, dünənki seminarın gerçəkliyi bu oldu ki, Acun elə ora gələnlərin hesabına pulunu bir az da artırdı...

  Yenisabah.az as saytının baş redaktoru Seymur Verdizadə isə  “Sherg.az”a açıqlamasında deyib ki, Bakıda türkiyəli iş adamının təliminin təşkil olunması yox, bu təlimdən insanların böyük gözləntilərinin olması yanlış yanaşmadır: 

“Mən bir ətək pul verib Acunla görüşə gedən adamları elliklə qınamağın tərəfdarı deyiləm. İnsanlar seçimində sərbəstdir. Pulu hər kəs özü qazanır. Kim necə istəyir, o cür də xərcləyir. Məni ən çox sonradan peşman olanların halı maraqlandırır. 
  Bu gün səhərdən sosial şəbəkələrdə maraqlı müzakirələrə şahidlik edirəm. Orta statistik azərbaycanlının bir aylıq maaşını verib Acunu görməyə müvəffəq olan bəzi soydaşlarımız başına-gözünə döyür. Deyirlər ki, bu pulu verməyə dəyməzmiş. Sən demə, Acun onları yola verib. Bir-iki boş və mənasız xatirəsini nəql edərək görüşü başa çartdırıb.  Azərbaycan insanının sadəlövhlüyü məni təəccübləndirir. Bəs nə gözləyirdiniz? Elə bilirdiniz bir saatın içində Acun sizə milyonçu olmağı öyrədəcək? Sadəlövh adamlar olmasa, Acun və onun kimiləri milyonçu ola bilməz. Acun Azərbaycanda olduğu kimi Türkiyədə də pulu sadəlövh insanların hesabına qazanır. Sonradan peşman olan, başına-gözünə döyən insanlar olmasa, Acun bu qədər varlı ola bilməz. Keçənə güzəşt deyərlər. Ümid edək ki, ötən gün aldanan və peşman olan adamlar eyni səhvi ikinci dəfə təkrarlamayacaqlar. Mən insanlarımıza pullarını kitaba, teatra xərcləməyi, mədəni zövqlərinin qeydinə qalmağı tövsiyə edirəm”.