Vətən savaşında Azərbaycan xalqını bir araya gətirən ideologiya: Azərbaycançılıq

Azərbaycançılıq ideyasının təbliği

Hər kəs silaha sarıldı və sıx birləşdi

  Hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da olmalıdır. İdeologiyası olmayan dövlətlər tarix səhnəsində müəyyən dövr ərzində funksional vahid kimi mövcud olsalar da, milli maraqları uzunmüddətli təmin edə bilməyib, tarixin müxtəlif mərhələsində yox olublar. İdeologiya bir növ vətən haqqında vahid elmi sistemdir. Bizim bugünkü dövlətçiliyimizin atributları Azərbaycanın bayrağı, gerbi, himni, pulu və konstitusiyası da məhz azərbaycançılığa əsaslanıb. Ötən illər ərzində azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyər rolundan çıxış edib. Azərbaycanda etnik mənsubiyyətindən asılı olmayaraq hamı bu ideya ətrafında birləşib.
  Azərbaycançılıq ideyasının güclü və sağlam dəyər olduğu Vətən müharibəsində bir daha sübut olundu. Etnik mənsubiyətindən asılı olmayaraq hamı bir yumruq kimi prezidentin ətrafında birləşdi. Bu da xalqın ərazi bütövlüyü uğrunda ayağa qalxmasına gətirib çıxardı. Nəticədə 30 ilə yaxın Ermənistanın işğalında olan torpaqlarımız azad edildi. Bütün bunların təməlində, heç şübhəsiz ki, azərbaycançılıq ideologiyası, bu ideologiyanın dövlətin milli siyasətinə çevrilməsi durur.
Azərbaycançılıq ideyasının birləşdirici dəyər olması ilə bağlı məqama xüsusi diqqət edən deputat Naqif Həmzəyev isə "Sherg.az"a açıqlamasında qeyd edib ki, 44 günlük Vətən savaşında Azərbaycan xalqını bir araya gətirən də məhz azərbaycançılıq ideologiyası oldu: 

“2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində azərbaycançılıq ideologiyasının milli birliyimizi necə qüvvətləndirdiyinin bir daha şahidi olduq. Dini mənsubiyyətindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəs silaha sarıldı və Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda mübarizəyə qalxdı.
  Müharibə vaxtı, azərbaycanlılarla yanaşı ölkəmizdə yaşayan digər xalqların nümayəndələri də döyüşlərə qatıldı, hətta onlar arasında şəhidlərimiz də var: “Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən, formalaşan gənclər Ordu sıralarına könüllü yazıldılar. Azərbaycanın ərazi bütövlüyünün bərpasında öz canlarından, qanlarından keçdilər. Savaşan-vuruşan gənclərimizlə yanaşı kompüter arxasında informasiya müharibəsində mübarizə aparan gənclər də çoxluq təşkil edirdi. Onlar da öz üzərinə düşən işləri layiqincə həyata keçirtdilər. Bu gün qalib ölkənin vətəndaşları olaraq, qalib ölkədə yaşayan insanlar olaraq azərbaycançılıq ideyası ətrafında birləşməmiz və bu ideologiyanın daha da inkişaf etdirilməsi üçün yetərincə tutarlı səbəblərimiz var.
  44 günlük Vətən müharibəsində Ordu, xalq və Ali Baş Komandanın birliyi dəmir yumruğa çevrildi, düşmənə ağır, sarsıdıcı zərbə vura bildi. Bu gündən sonra da bu dəmir yumruğu aktiv saxlamalıyıq, hər zaman cənab Prezidentin ətrafında sıx birləşməliyik. Əldə etdiyimiz bu qələbə əhalinin, vətəndaşların sosial rifahının yaxşılaşdırılması həyatımızın daha da yaxşı olmasına xidmət etməlidir.
  Xatırladım ki, 44 günlük müharibə vaxtı Ermənistan tərəfi Azərbaycan xalqını parçalamaq üçün müxtəlif pozucu təbliğat vasitələrindən istifadə edirdi. Müxtəlif televiziya, internet resuslarında bununla bağlı kampaniyalar aparırdılar. Erməni tərəfi elə hesab edirdi ki, bu kimi vasitələrlə Azərbaycanda mövcud olan milli birliyi sarsıdacaqlar. Ancaq bütün bunların tam əksinə olaraq ölkədə xalqın birliyi daha da möhkəmləndi. Əzəli düşmənimiz olan ermənilərə olan nifrət daha da artdı. Azərbaycançılıq ideologiyasının təməlləri sağlam və möhkəm olduğu üçün düşmənin planları fiaskoya uğradı. 44 günlük Vətən müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz elə azərbaycançılıq ideologiyası dayanır. Bütün bunların sayəsində düşmənə güclü zərbələr endirildi. 44 günlük Vətən müharibəsi dövlətimizin düşmən üzərindəki qələbəsini təmin etməklə yanaşı, azərbaycançılıq ideyasının, bu ideyanın əsas tərkib hissələrindən biri olan multikulturizm dəyərinin inkişafına da töhfə verdi. Müharibə bir daha sübut etdi ki, ölkəmizdə bütün xalqların səmimi, tarixi və qırılmaz birliyi mövcuddur”.
  Millət vəkilinin sözlərinə görə, Azərbaycan özünün multikultural, tolerant cəmiyyət modelini işğaldan azad etdiyi ərazilərində də tətbiq etməkdədir. “Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olub və onlara hörmətlə yanaşıb. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir”, – deyən Ulu Öndərin və onun yolunu davam etdirən Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində ölkədə davamlı sabitlik təmin edilib, Azərbaycan bütün dünyada qədim və zəngin mədəniyyətə malik sivil və multikultural toplum kimi tanınıb.
  Ümummilli Lider Heydər Əliyevin hələ 1998-ci ildə söylədiyi “Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir” – fikri Azərbaycanın inkişafının, modernləşməsinin təməl prinsiplərini özündə ehtiva edir. Bu, ənənəviliklə müasirliyin, mühafizəkarlıqla liberalizmin, milliliklə universallığın ahəngdar birləşməsi, inteqrasiyasıdır. Məhz bunun sayəsində keçmiş, indi və gələcək arasında bağlılıq yaranır, vahid milli ideologiya isə tarixi inkişafın və sosial-iqtisadi təkamülün bir mərhələsindən digərinə keçidi asanlaşdırır. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin ən mühüm tərkib hissələrindən biri olan azərbaycançılıq ideologiyası ölkəmizin, xalqımızın gələcək inkişafına və rifahına doğru aparan yolu işıqlandırır. Milli ideologiyaya və milli dəyərlərə əsaslanan inkişaf və dünyaya inteqrasiya Azərbaycan xalqının milli identikliyini saxlamaqla onu qlobal məkanın bir parçasına çevirməkdədir. Bu isə həm də milli dövlətçiliyin daim qorunub saxlanması və inkişaf etdirilməsi, gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.