“Qulaqdibi” xəstəliyi: Necə yayılır?

Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir

  “"Svinka" da gəldi. Bu gün iki uşaq qulaqdibi nahiyəsinin şişməsi və ağrılı olması şikayəti ilə müraciət edib. Demək ki, yayılır”.
Bu sözləri sosial media hesabında pediatr Aytən İsmayılzadə yazıb.
Pediatrın sözlərinə görə, elmi adına epidemik parotit, ya da sadəcə parotit deyilir, el arasında isə "qulaqdibi" kimi tanınan bu xəstəlik virusların törətdiyi bir xəstəlikdir: “Yoluxucudur. Virus Ağız suyu vəzisini zədələyir, iltihablandırır. Ona görə parotit adlanır. “Parotideus” yəni ağız suyu vəzinin iltihabı deməkdir. Bu zaman qulaqla çənə arasında olan nahiyədə bərklik yaranır, ağzı açanda ağrılı olur. Getdikcə şişlik yayılır, yumşaq olur, hərarət elə yüksək olmur. Ümumi halsızlıq və intoksikasiya əlamətləri az olur. Mədəaltı vəzi, qızlarda, hətta oğlan uşaqlarında yumurtalıqlar da zədələnə bilir. Uşağın umumi vəziyyətinə fikir verməli, dəyişikliklər haqqında həkimə məlumat vermək lazımdır. Yerli kompres etmək lazım deyil. Virus xəstəliklərində olduğu kimi ümumi müalicə yetərlidir”.
  Hazırda ölkədə qızılca və Hepatit A virusunun yayıldığını xatırladan pediatr deyib ki, “mix” yəni qarışıq infeksiyalar təhlükəsi qaçılmazdır: “Uşaqları peyvəndsiz olan, ya da ikinci doza MMR peyvəndi qalanlar indi etdirir. MMR peyvəndi içində isə həm qızılca, məxmərək, həm də epidemik parotit əlehinə peyvənd olduğu üçün yeni peyvənd olunmuşlar ilk 21 gün ərzində parotitin yüngül əlamətlərini yaşaya bilər:
“Epidemik parotit peyvəndi qızılca ilə birgə 1 və 6 yaşında edilir. Yalnız bir doza peyvənd alan uşaqların da yoluxma və xəstəliyi keçirmə ehtimalı var.
  Bol maye həmişəki kimi öncə lazım olandır. Hərarət yüksək olmadığı üçün dərmana çox müraciət etməyin. Qidada xüsusi pəhriz lazım deyil. Sağlam və zəngin qidalanma olsun. Ev şəraitində müalicə məsləhət görülür. Ağırlaşma olarsa, yoluxucu xəstəxanaya yerləşdirmək lazım olur. Valideynlərin "nə verim ki, o biri uşaqlar yoluxmasın" sualına gəldikdə isə deyim ki, belə bir vasitəmiz yoxdur. Yeganə profilaktika peyvənddir. Uşaqlar vaxtlı-vaxtında peyvənd olunmalıdır”.
  İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi Günel Quliyeva isə “Sherg.az"a açıqlamasında deyib ki, “qulaqdibi” xəstəliyi viruslar vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlikdir. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir: “Parotit xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir.
  Hava-damcı yolu ilə yayılır, güclü intoksikasiyaya səbəb olur, ağız suyu vəzilərinin zədələnməsinə, eləcə də MSS və digər orqan və sistemlərin zədələnməsi ilə gedən xəstəlikdir.
  Xəstəlik kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir. Qulaqdibi xəstəliyinin ilk əlamətləri halsızlıq və hərarət, udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı, qulaqətrafı nahiyədə şişlikdir. İnkubasion dövrü 14-21 gündür. Bu virus hava-damcı yolu ilə, tənəffüs yoluyla yoluxur. 30-40 faiz hallarda əlamətsiz keçə bilir. Ona qarşı peyvənd vardır və əhəmiyyətli dərəcədə effektivdir. Vaxtında uşaqlara MMR peyvəndini elətdirmək lazımdır. Bu peyvənd 1və 6 yaşında vurulur”.