Qarağacı qəbiristanlığındakı mənzərə ermənilərin əsl simasını göstərir

Heç bir müharibədə bu qədər məzarlıqlar dağıdılmayıb


  “Ermənistan media resursları, guya, Azərbaycanın Qarabağdakı erməni qəbiristanlığını dağıtması ilə bağlı xəbər yayıb".
Siyasi şərhçi Asəf Quliyev “Sherg.az"a açıqlamasında deyib ki, ermənilər Qərbi Azərbaycandan deportasiya olunmuş insanların hüquqlarını tanımaq istəmir.

Ona görə də Azərbaycanın da Qarabağdan könüllü köçənlərə eyni münasibət göstərdiyini bildirməyə cəhd edir: “Azərbaycan tərəfi daim Qarabağ ermənilərinin geri qayıtması üçün hər cür təminat verdiyini bildirib. Ermənilər isə bunun əksini sübut etməyə çalışır. Ona görə də belə məlumatlar yayırlar ki, guya, Azərbaycan ermənilərə qarşı dözümsüzlük göstərir”.
  A.Quliyev bizimlə söhbətində iki ildir rəhbərlik etdiyi Müstəqil Jurnalistlərə Texniki va Hüquqi Yardım İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə əsrlərlə tarixi olan Ağdamın Qarağacı qəbiristanlığı ilə bağlı müəyyən layihələr icra etdiyini xatırladıb.
  Ağdamın Qarağacı qəbiristanlığının hazırkı durumuna diqqət çəkən A.Quliyev "Ruhlar şəhərinin ruhu" layihəsi çərçivəsində hazırladıqları hesabata istinadən bunları qeyd edib: “1988-ci ildə Azarbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayatinin Ermənistana birləşdirilməsi ilə bağlı hərəkat başladı. Beləliklə, 35 ildir ki, davam edən bir münaqişə ocağı yaradıldı.
  Ağdam rayonu bu münaqişə başlayandan hadisələrin episentri oldu. İstər coğrafi mövqeyi, istər iqtisadi, istərsə də insani resursları bu rayonun hadisələrin mərkəzində olmasının əsas səbəbkarıdır. Bu münaqişənin ilk qurbanları da məhz Ağdam sakinlari Əli Hacıyev və Bəxtiyar Quliyev olmuşdu.
  Ağdam Dağlıq Qarabağ Muxtar Viləyəti ilə qonşu rayon idi. Ağdamın mərkəzindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaşayış məntəqəsi olan Əsgəran rayonunu 15 kilometrdən də az məsafə ayırır.
  Ağdam-Əsgəran yolunun üstündə rayonun mərkəzi qəbiristanlığı yerləşir. Bu qəbiristanlıq ermənilərin yaşadığı Əsgəran rayonunun mərkəzinə Ağdamın mərkəzindən daha yaxındır.
  Təsadüfi deyildi ki, münaqişənin aktiv fazasında iki rayon arasında əvvəl keçid-buraxılış məntəqəsi, daha sonra döyüş postu da məhz Qarağacı qəbiristanlığında yerləşirdi. Ağdamdan Əsgərana gedən yolun həm sağ, həm da sol tərəfində yerləşən bu qəbiristanlığı şərti olaraq "köhnə qəbiristanlıq" və "təzə qəbiristanlıq" adlandırırdılar”.
  Qarağacıda heç vaxt arxeoloji qazıntı aparılmadığını vurğulayan siyasi şərhçi deyib ki, buna görə də bu qəbiristanlığın tarixi ilə bağlı dəqiq məlumat yoxdur: “Bəzi mənbələrdə indiki Azarbaycan, Ermənistan, İran va Türkiyənin bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuş Uzun Həsənin oğlu, 1490-cı ildə naməlum səbəbdən vəfat etmiş Sultan Yaqubun məhz Qarağacı qəbiristanlığında dəfn olunduğu göstərilir: “Bu qəbiristanlıqda qoç formasında olan qəbirüstü abidələr işğala qədərki dövrə qədər saxlanılırdı. Amma burada heç vaxt elmi araşdırma aparılmadığı üçün tarixi ilə bağlı məlumatlar çox azdır.
  Qarağacı qəbiristanlığında yeganə elmi ekspedisiya 1927-ci ildə təşkil olunub. Professor İvan Vasilyeviç Meçaninov Qarabağda olan tarixi-mədəni abidələrin qeydiyyatını aparmaq məqsədilə Yevlaxdan Şuşaya qədər ərazini gəzib.
  Ağdam ərazisində Qarabağ xanlarının iqamətgahı olan İmarat kompleksini, rayon mərkəzinin yaxınlığındakı Üzərlik təpədə va Qarağacı qəbiristanlığında müəyyən araşdırmalar aparıb.
  Qarağacı qəbiristanlığı bu ilə qədər üç tərəfdən ermənilərin yaşadığı Əsgəran, Xanabad və Pirlər (Xramord) yaşayış məntəqələri ilə əhatə olunub.

İşğaldan əvvəl Qarağacı qəbiristanlığının ərazisi 60 hektardan çox idi. Yolun sağındakı ərazi 48.8 hektar, yolun solundakı ərazi 12.9 hektarı əhatə edirdi. Ərazinin dəqiq ölçüləri ətrafında çəkilmiş hasarlarla müəyyənləşirdi. Qəbiristanlıq ötən əsrin ikinci yarısında abadlaşdırılmış va hasarlanmışdı. Yolun sağındakı hissənin solunda köhnə məzarlar va türbələr da var idi.
  Ərazidə paralel yollar asfaltlanmış va abadlaşdırılmışdı. Qəbiristanlığın girəcəyində Ağdamın həyatında izlər buraxmış şəxslərin məzarları var idi. Onların bir çoxunun məzarı üzərində heykəlləri, büstləri qoyulmuşdu.
  1993-cü ilin iyul ayında Ağdamın işğalından sonra bu qəbiristanlıq planlı şəkildə dağıdılmağa başladı. Dağıntıların miqyası çox böyükdür. Demək olar ki, toxunulmamış məzar qalmayıb. Qarağacı qəbiristanlığında işğaldan əvvəlki son 20 ildə dəfn olunanların məzar daşları ya qara, ya da ağ mərmərdən hazırlanırdı. Qəbiristanlıqda 3 yerdə məzar daşları emalatxanası fəaliyyət göstərirdi.
  Qəbiristanlıqda olan bütün ağ va qara mərmər abidələr sökülərək aparılıb. Əraziyə baxış keçirən zaman qara mərmərdən olan bircə qəbirüstü abidəyə rast gəlindi. O da sındırılmış vəziyyətdə.
Adi daşlardan olan məzarüstü abidələr də hamısı ya sındırılıb, ya da aşırdılıb.
  Məzarüstü abidələrin dağıdılması ilə yanaşı, məzarların aşılması və təhqir olunması da var. Son illərdə dəfn olunan mərhumların məzarlarının böyük əksəriyyətinin üzərindəki dəmir-beton örtük qaldırılıb. Bunun üçün çox güman ki, xüsusi texnikadan istifadə olunub. Çünki bu işi bir və ya bir neçə nəfərin əllə görməsi qeyri-mümkündür. Məzar daşlarının dağıdılması ilə yanaşı, məzarların aşılmasının əsas səbəbi mərhumların qızıl dişlərinin götürülməsi ola bilərdi. Ötən əsrin 70-80-ci illərində Qarabağ əhalisi arasında dişlərin müalicəsi və bərpasında qızıl örtüklərdən istifadə olunması dəb halını almışdı.
Məzar daşlarının dağıdılması ilə yanaşı, ərazidəki bütün ağaclar kəsilib. Ərazidə olan su xətləri çıxardılıb.
Qəbiristanlıq ərazisinin bir hissəsində işğal altında olduğu vaxt taxıl əkilib.
  Bəşər tarixində çox müharibələr olub. Ancaq bu müharibələrdə məzarlıqların dağıdılması barədə məlumatlar yoxdur. Lakin 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bu hal yaşandı. Qarağacı qəbiristanlığında hazırda mövcud olan durum bu müharibənin ən acı nəticələrindən biridir”.