“Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Arayik Harutyunyan Azərbaycanda qalmaq və bizim ölkənin vətəndaşı olmaq istəyir”.
Bu barədə Musavat.com rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb.
Məlumatda iddia olunur ki, hazırda Arayik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir:
“Arayik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. Arutyunyan deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Arayikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, “ucuz yırtmaq” məqsədi ilə belə davranış sərgiləyir.
Məlum olduğu kimi, həbs olunanlar arasında ən ağır cinayətləri o törədib. Qarabağdakı qanunsuz rejimə rəhbərlik edərkən silahlı quldur dəstələrinə komandan olub, Gəncənin, Bərdənin bombalanması əmrini özünün verdiyini etiraf edib. Azərbaycan övladlarının şəhid olmasında, yaralanmasında, evlərin, yaşayış məntəqələrinin dağıdılmasında əsas sima kimi iştirak edib. O, bir müharibə canisidir. Onsuz da Azərbaycan məhkəmələri ona ən ağır cəzanı - ömürlük həbsi verəcək. Bu baxımdan, Arayikin Azərbaycanda ölənə qədər qalması təmin olunub. İtirməyə heç nəyi qalmayan separatçıbaşı bu səbəbdən indi yaltaqlığa, xoşqılığa, artistliyə əl atıb".
Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Arayikin ən sevimli əyləncəsi “Alov qüllələri”ə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: “Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm”, - deyə hər dəfə də yaltaq-yaltaq təkrar edir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Arayik Arutyunyanın Azərbaycanda yaşamaq istəyi təcili yerinə yetirilməlidir:
"Bununla bağlı məhkəmə keçrilməli və Arayikin Azərbaycanda yaşamaq arzusu təmin edilməlidir. Amma həmin istəyin qeydiyyat yerini Azərbaycan dövləti müəyyən edəcək. Həbsxanada Azərbaycan vətəndaşları da yaşayır. Arayik Arutyunyan da Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra orada şad-xürrəm yaşıya bilər. Eyni zamanda müəyyən dərəcədə xəyyalarını həmişə canlı tutaraq yaşamaq haqqına sahib olacaq. Ona görə də bunda imtina etməyin bir adı yoxdur. Buraya tək Arayik deyil, eyni zamanda digər keçmiş separatçı rejimin nümayəndələri də daxildir. Onlar istəməsə belə, Azərbaycanda yaşayacaqlar. Amma harada yaşamaqları tamamilə bizdən asılıdır. Onlar, təbii ki, yaxşı şəraiti yaradılmış və yaxşı mühafizə olunan həbsxanalarımızda yaşayacaqlar. Burada heç bir problem yoxdur".