Asim Mollazadə: ABŞ mediasında güclü təmsil olunan erməni lobbi təşkilatları var

“The Vaşinqton Post” qəzeti bir neçə gün öncə Azərbaycana qarşı klassik qərəzini yenidən səhifələrinə çıxarıb. Qəzet iddia edir ki, “Azərbaycanda jurnalistlər həbs edilib, buna səbəb korrupsiya faktları haqda həqiqəti çatdırmalarıdır. Eyni zamanda ABŞ-nin "Vaşinqton post" qəzeti Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilməyərək ona qarşı  çirkin kampaniya, materiallar təşkil edir.  Onlar bununla təkcə Prezident İlham Əlievə qarşı deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik edirlər. Görünür Vaşinqton yaxşı başa düşür ki, Azərbaycanı itirir və deməli, Cənubi Qafqazı, Mərkəzi Asiyanı da itirir. 

ABŞ-nin qərəzli mövqeyindən danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a deyib ki, Azərbaycanın müstəqil siyasəti dünyanı idarə etmək istəyən qüvvələri ciddi şəkildə narahat edir:

"Həmin qüvvələr bir sıra formalarda Azərbaycana qarşı təzyiqlər həyata keçirməyə çalışırlar. Lakin bu təzyiqlər təbii olaraq heç bir nəticə vermir. Bununla yanaşı ABŞ mediasında güclü təmsil olunan və siyasi korrupsiya imkanlarını istifadə edən erməni lobbi təşkilatları var. Onlar da Azərbaycana qarşı iftira, yalan kompaniyası təşkil edir. Tək Amerikada deyil, eyni zamanda Avropanı bir neçə ölkələrində də erməni lobbi qrupları Azərbaycana qarşı informasiya müharibəsi aparır. Həmçinin, Azərbaycana qarşı qarayaxma kompaniyası təşkil edirlər. Amerikanın bu cür addımlarında bir neçə amil mövcuddur. Amma, ən əsası ermənilərin apardığı informasiya savaşıdır. Bu müharibə isə həm media vasitəsilə, həm də bir sıra ölkələrin parlamentlərində özünə yaxın olan  erməni lobbi qrupların vasitəsilə aparılır. Azərbaycan qalib ölkədir və xeyli səviyyədə güclənib. Bu isə təbii ki, Azərbaycana qarşı nifrət saçan erməni diasporasını çox narahat edir".