Bu məsələ həll edilmədən qalıcı barışdan danışmaq doğru olmaz
"Ermənistan rəsmiləri sülh danışıqlarında "fundamental məsələlər həllini tapıb" deməklə Nikol Paşinyanın təklif etdiyi 3 prinsipə yanaşmanı nəzərdə tuturlar". Bu sözləri "Sherg.az"a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib.
Professor bildirib ki, ilk məsələ ərazi bütövlüyünə yanaşmadır: "Ermənistanın 29,8 və Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisi qorunmalıdır. Ermənistan bizim Qarabağda, 8 Azərbaycan kəndi də daxil, ərazi bütövlüyümüzü Paşinyan səviyyəsində tanıdığını dəfələrlə bəyan edib. Amma hələ Azərbaycanın bu yanaşmaya rəsmi münasibəti yoxdur. Azərbaycan sözünü masa arxasında danışıqlar zamanı deməlidir. Çünki hələ sərhədlərin hansı xəritələrlə müəyyənləşməsi həll edilməmiş qalır. Azərbaycanı sülhün əldə edilməsində Ermənistanın atacağı sonrakı addımların nə olacağı daha çox maraqlandırır. Əsas fundamental məsələ Zəngəzurla bağlı Ermənistanın mövqeyinin dəqiqləşməsidir. Zəngəzur koridoru danışıqlarda əsas kiliddir və bu məsələ həll edilmədən qalıcı barışdan danışmaq doğru olmaz".