Regional hava limanları ilə bağlı qərar: Biz deyənə gəldilər...

“Bunu 10 il əvvəl deyirdik, gülürdülər”

Natiq Cəfərli regional hava limanlarının xarici şirkətlərə icarəyə verilməsini dəstəkləyir

  “Bu təklif tərəfimizdən çoxdan irəli sürülüb. Sağ olsunlar, nəhayət, özləri də təklif edir”. Bu sözləri “Sherg.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli regional hava limanlarının xarici şirkətlərə icarəyə verilməsi təklifinə münasibət bildirərkən söylədi. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bu mövzuya toxunub. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin biletlərinin baha olması ilə aparılan araşdırma nəticəsində bu sahədə antiinhisar qanunvericiliyinin pozulması hallarının müşahidə edilmədiyini deyən C.Babayev regional hava limanlarının xarici şirkətlərə icarəyə verilməsini də təklif edib. “AZAL-la yanaşı, ölkədə bir sıra xarici şirkətlər uçuşlar həyata keçirir və vətəndaşlar öz seçimlərində sərbəstdirlər. “AZAL” məhdud yerlərə uçur və digər ölkələrə daha çox xarici şirkətlər uçuş həyata keçirir”, söyləyən C.Babayev qeyd edib ki, bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib. “Regionlardakı bir sıra hava limanlarının xarici şirkətin istifadəsinə vermək və ya əlavə bir aviaşirkətin cəlb edilməsi təklif edilib ki, yerli idarəetmə formalaşdırılmasın. Ümid edirik ki, gələcəkdə buna baxılacaq və daha aşağı qiymətə vətəndaşlar biletləri əldə edəcəklər”.
  İqtisadçı Natiq Cəfərli qeyd etdi ki, hava limanlarının idarə edilməsinin xarici şirkətlərə həvalə olunması təcrübəsi mövcuddur və bu, hava nəqliyyatı sahəsində rəqabətin artmasına, nəticə etibarilə də aviabiletlərin qiymətində nəzərəçarpan ucuzlaşmaya səbəb olur:
"Biz bunu 10 il əvvəl deyirdik, gülürdülər. İndi biz deyənə gəldilər. Bu təklif tərəfimizdən çoxdan irəli sürülüb. Sağ olsunlar, nəhayət, özləri də təklif edir. Regionlarda tikilmiş hava limanları boş qalıb. Təkcə yeni istifadəyə verilmiş Füzuli Hava Limanı, yaxud tikiləcək Zəngilan, Laçın aeroportundan söhbət getmir. Qəbələ, Lənkəran, Gəncə hava limanları var və faktiki onların heç biri rentabelli deyil, gəlir gətirmir, əksinə, dövlət büdcəsi yüklənir. Bu hava limanlarının tikintisinə böyük məbləğdə vəsaitlər sərf olunub. Lənkəran hava limanının tikintisinə 75 milyon manat sərf olundu, ovaxtkı kursla 80 milyon ABŞ dolları. Amma boş qalıb. Digərləri də həmçinin. Gəncə aeroportu çox az reyslər qəbul edib, yola salır. Bu hava limanlarının saxlanıılmasına da külli miqdarda vəsait sərf olunur. Təhlükəsizlik xidməti var, işçilərin əmək haqqının ödənilməsi, kommunal xərclər... Bunlara 4-5 milyon manat xərclənir. Bunlar hamısı dövlət büdcəsinə əlavə yükdür".
  N.Cəfərli qeyd etdi ki, məsrəflərin azalması, rəqabətin yaranması və qiymətlərin ucuzlaşması üçün hava limanlarının xarici şirkətlərə icarəyə verilməsi doğru olardı: "Kutaisi örnəyi var. Kutaisi hava limanı Türkiyə şirkətinə həvalə olundu. Yeni iş yerləri yarandı, hava limanı gəlir gətirməyə başladı. 14-15 aviaşirkət birdən-birə qoşuldu, rəqabət yarandı, qiymətlər ucuzlaşdı. Hazırda Tbilisi aeroportundan daha çox Kutaisi aeroportundan dünyanın müxtəlif istiqamətlərinə uçuşlar həyata keçirilir. Qiymətlər də əlçatandır. Bizdə də regional hava limanları xarici şirkətlərə, amma onlar üçün də sərfəli şərtlərlə icarəyə verilsə, aviareyslər də intensivləşər, biletlərin qiyməti də ucuzlaşar, bu, regionların inkişafına da müsbət təsir edər. Biletlərin baha olmasının əsas səbəblərindən biri hava limanlarında yerüstü xidmətlərin bahalığıdır. Bu, biletlərin qiymətinə birbaşa təsir göstərir. Xidmət bahadırsa, bilet də baha olacaq. Yerüstü xidmətlərə təkcə restoran, kafe, market deyil, çox şey daxildir: təhlükəsizlik məsələləri, təyyarələrin parklanması, təmizlik işləri, sərnişinlərə xidmət və sair. Xarici şirkətlər yerüstü xidmətləri daha keyfiyyətli, eyni zamanda daha ucuz təşkil edə bilər, nəticədə biletlərin qiyməti də ucuzlaşar, regionlardakı hava limanları da işlək hala gələr. Hava limanlarını icarəyə götürən şirkət daha ucuz qiymətə aviareyslər təşkil edə bilər. Hansı şirkətin yerüstü xidmətlər təşkil edəcəyindən çox şey asılıdır. Şirkətin etibarlı olması çox şeyi həll edir. Aviakampaniyalar özlərinə tərəfdaş seçəndə kiminlə işləyəcəklərinə diqqət edirlər".