20 Yanvar – 20 yanı var

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Azərbaycan tarixinin şanlı səhifəsi gələcək nəsillərə daim ləyaqət, mərdlik, mübarizlik hissləri aşılayacaq

  Xalqımızın qan yaddaşına istiqlala aparan yolun başlanğıcı kimi həkk edilmiş 20 Yanvar faciəsinin 34-cü ildönümüdür. Bu tarix şəhidlərimizin qanı ilə yazılıb. Sovet imperiyasının tankları küçələrində cövlan edən, 70 il əvvəlki kimi sovet əsgərlərinin atdığı güllələrlə divarları dəlmə-deşik olan, sakinlərinin hayqırtısına şahidlik edən Bakı da məhz 1990-cı ilin soyuq yanvar gecəsi öz külündən yenidən doğdu. Və istiqlal bayrağını şəhidlərdən əmanət alan xalqımız onu bir daha enməyə qoymadı. Sovet imperiyası həmin gecə anladı ki, bu xalqa zəncir vurmaq daha mümkün olmayacaq. Çünki o, əsarət zəncirini öz qanıyla qırıb, parçalayıb. 20 yanvar gecəsindən başlanan azadlıq, müstəqillik yolumuz 1991-ci ilin oktyabrında Müstəqillik Aktının qəbul edilməsiylə sonuclandı. Əlbəttə ki, bu, ilk mərhələ idi. İrəlidə xaqlımızı yeni faciələr gözləyirdi. Amma xalqımız, millətimiz bütün faciələri, qurbanları mərdliklə qarşıladı. “Bayraqları bayraq yapan üstündəki qandır, torpaq uğrunda ölən varsa Vətəndir” deyimini qəlbi ilə, ruhu ilə qəbul edərək şəhidliyin yeni zirvələrinə yol aldı. 20 Yanvar faciəsi, əslində, xalqımızın mübarizlik simvolu, istiqlal rəmzidir. Və bu şanlı gün əsrlər keçsə də, dövlətçilik tariximizdə daim şərəfli yerini tutacaq. Gələcək nəsillərə də ləyaqət, mərdlik, mübarizlik hissləri aşılayacaq. Bu mənada 20 Yanvar gənc nəslin milli-mənlik şüurunun məhz milli düşüncə, milli özünüdərk istiqamətində formalaşmasında müstəsna yer tutur.
  1990-cı ilin 20 yanvarı üzərindən 34 il keçməsinə baxmayaraq, bu gün də xalqımızın azadlıq, müstəqillik mübarizəsinin zirvəsi olaraq gənc nəslin milli ruhda, dövlətçilik ənənələrinə sadiq nəsil kimi formalaşmasında xüsusi əhəmiyyətə malikdir. 20 yanvar tarixi hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir, bu günün daşıdığı mahiyyətə uyğun ləyaqətlə qeyd edilməsi məqsədilə dövlət qurumlarına tapşırıqlar verilir, Təşkilat Komitəsi yaradılır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva instaqram hesabında paylaşımlar edir, şəhidlərin əziz xatirəsini yad etmıklə, bu günü milli iradənin təntənəsi, milli özünüdərkin oyanışı olduğunu qeyd edirlər. Prezident İlham Əliyevin bir neçə il öncə feysbuk səhifəsindəki paylaşımında yazdığı bu sözlər 20 yanvar tarixinin böyüklüyünü təsdiq edir: “Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar". Həqiqətən də 20 Yanvar milli iradəmizin zəfər günüdür. 2020-ci ildə Ali Baş Komandanın “İrəli” əmri ilə düşmən üzərinə atılan və xalqımıza şanlı qələbə sevincini yaşadan əsgərlərimiz də məhz həmin qanlı, lakin fəxarət duyduğumuz o günün yetirmələridir. 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı Prezident İlham Əliyevin rəsmi saytında qeyd edilir ki, 1990-cı il yanvarın 20-də ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı azadlıq və suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir.
  Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professoru Həvva Məmmədova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Azərbaycan gəncliyinin milli-vətənpərvərlik hisslərinin tərbiyəsində 20 Yanvar faciəsinin əhəmiyyəti danılmazdır:

"Əvvəlcə, 20 Yanvar, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanlara rəhmət diləyirəm. İstiqlalımız, müstəqilliyimiz, ərazi bütövlüyümüzün bərpası üçün çox igidlərimiz canından keçdi. Amma xalqımız istiqlalını əldə etdi, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, siyasi iradəsi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndi, ölkəmiz gücləndi, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdi və bunun məntiqi nəticəsi olaraq bu gün biz ərazi bütövlüyü tam bərpa edilmiş Azərbaycana sahibik. Məlumdur ki, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat Azərbaycan tarixində yeni siyasi dövrün başlandığını göstərirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir". 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Heydər Əliyev bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirir və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə edirdi".
H.Məmmədova qeyd etdi ki, 20 Yanvar Azərbaycan tarixinin şanlı səhifəsidir:
"Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü dövlət səviyyəsində qeyd ediləcək. Şəhidlər xiyabanında hazırlıq işlərinə başlanılıb artıq. Xiyaban ziyarətçilərə açıqdır. Və məni ən çox sevindirən də Şəhidlər xiyabanını azyaşlıların, məktəblilərin, yeniyetmə və gənclərin ziyarət etməsidir. Çünki bu ziyarətlər onların yaddaşına həkk olunur, Vətənin, azadlığın, müstəqilliyin müqəddəsliyini aşılayır. 20 yanvar gecəsi Sovet imperiyasının ağır texnikasının önünə çıxan, sinəsini güllələrə sipər edənlərin böyük əksəriyyəti gənclər idi. Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin baş daşlarındakı fotolara baxanda da bunu görürük. Şəhidlərimizin demək olar böyük əksəriyyəti gənclərdir. Bu o deməkdir ki, Azərbaycan xalqı 70 il Sovet imperiyasının əsarətində qalsa da, xalqımızın azadlıq eşqi ölməmişdi. Xalqımız azadlıq, müstəqillik ideyalarına sadiq idi. Bilirsiniz ki, 20 Yanvar faciəsinə aparan yol həm də Qarabağdan keçirdi. Mənfur qonşularımız ərazi iddialarına başlamışdı, Qarabağda faciəli hadisələr baş verirdi. Məhz xalqımızın sarsılmaz əzmi, Qarabağı heç vaxt güzəştə getməyəcəyini əminliklə bildirməsi Sovet imperiyasının silahları işə salmasına səbəb oldu. Lakin bu da xalqımızın iradəsini qıra bilmədi. Xalqımız Vətənin müdafiəsinə qalxdı, torpaqlarımız işğal olunsa da, hər birimiz inanırdıq ki, işğala son qoyulacaq. Bu inam bizi yaşatdı və 20 Yanvar şəhidlərindən örnək alan, onların şəhidlik məktəbini davam etdirən gənclər torpaqlarımızı işğaldan azad etdilər".