Yoluxma halları azalıb

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Vaqif Qarayev: “Uşaq sağlam böyüməyəcəksə, təhsilin nə özünə, nə də ölkəyə faydası olacaq”

  Son aylarda ölkədə qızılca xəstəliyinin yayılması və təəssüf ki, xəstəlikdən ölüm hallarının da baş verməsi azyaşlıların sağlamlıq problemlərinə diqqəti artırdı. Sadalamağa ehtiyac yoxdur, ölüm halları bir çox regionlarda baş verib. Konkretliyə ona görə varmırıq, çünki problem bütün ölkəni əhatə edir. Məlumdur ki, valideynlər uşaqları peyvənd etdirməkdən yayınırlar. Son 10-15 ildə bu hal geniş yayılıb. Bu məsələnin özü də ciddi tədqiq olunmalıdır. Niyə valideynlər uşaqlarını peyvənd etdirməkdən çəkinir? Peyvənddən sonra uşaqlar arasında ölüm, yaxud səhhətlərinin ağırlaşması halları olubmu, olubsa, nə qədər, neçə faiz təşkil edib. Peyvəndə şübhə ilə yanaşan valideynlər dəqiq, ya qeyri-dəqiq kiminsə övladının peyvənddən sonra xəstələndiyini, səhhətinin ağırlaşdığını bildirir, lakin konkret misal çəkə bilmir. Deməli, peyvənd qorxusunun arxasında şayiələr də dayana bilər. Bu halda məsuliyyət, valideynləri inandırmaq və onları uşaqlarının vaxtlı-vaxtında peyvəndə cəlb etmək kimi zəruri iş ərazi üzrə poliklinikaların, sahə həkimlərinin üzərinə düşməli idi. Amma bunu da etiraf edək ki, sahə həkimləri, poliklinikalar heç də hər zaman vəzifələrinin öhdəsindən gəlməyiblər. Səhlənkarlıq ediblər, peyvəndləməni valideynlərin ixtiyarına buraxıblar. Peyvənd, əslində könüllüdür. Lakin məsələ azyaşlılar, uşaqlardırsa könüllülük prinsipi zərurətlə əvəzlənməlidir. Bunu isə tibb işçiləri ata-analara başa salmalı, peyvənd edilməzsə, uşağın qarşıdakı illərdə xəstəlikləri ağır keçirəcəyi, hətta ölüm hallarının da ola biləcəyini anlatmalı, geniş şəkildə maarifləndirmə işi aparmalıydılar. Bu gün yaşanan fəsadlar, neqativ hallar işlərin lazımi səviyyədə aparılmadığını göstərir. Uşaqlar arasında yayılan təkcə qızılca xəstəliyi deyil. Hepatit A-ya yoluxma halları da qeydə alınır. Hepatit A da ötən ildən başlayaraq, xüsusən orta ümumtəhsil məktəbləri şagirdləri arasında yayılmağa başladı. Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur ki, ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə “Hepatit A” diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub. Bildirilib ki, qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib: "Nəzərə alsaq ki, hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də, ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir. Müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar, Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb. Aparılan monitorinqlər nəticəsində “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir". Müsbət göstəricilər bundan ibarətdir ki, ölkəmizdə qızılcaya yoluxma halları azalıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, Azərbaycanda qızılca əleyhinə vaksinasiya ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsi, o cümlədən, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiyanın davam etdirilməsi, qızılca peyvəndindən kənarda qalan və ya qızılca xəstəliyi keçirməyən uşaqların və qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvəndlənməyə cəlb edilməsi və eyni zamanda qızılca hadisələrinin aktiv aşkar olunması və infeksiya ocaqlarında əksepidemik tədbirlərin aparılması nəticəsində 2024-cü ilin yanvar ayından respublikada qızılca xəstəliyinin səviyyəsində azalma müşahidə olunur. Bildirilir ki, ölkə ərazisində son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.
  Vəziyyətlə bağlı “Sherg.az"a danışan həkim-pediatr Vaqif Qarayev qeyd etdi ki, uşaqların sağlam fiziki inkişafının təməli körpə yaşlarından qoyulmalıdır. Burada isə əsas məsuliyyət səhiyyə qurumları ilə yanaşı valideynlərin də öhdəsinə düşür:

- Valideyn özünü məsuliyyətdən kənarlaşdırmamalıdır. İndi hansı əsrdir ki, valideyn peyvənd haqqında məlumatlı olmasın? Ən ucqar dağ kəndlərində də peyvənd haqqında məlumatlıdırlar. Analara peyvənd cədvəli paylanır, uşağın neçə ayında hansı peyvəndlər vurulmalıdır, orada yazılır. Körpə anadan olan kimi ona vərəm və Hepatit əleyhinə peyvənd vurulur, sonrakı mərhələlərdə isə Milli Peyvəndləmə Proqramına və uşağın yaş dövrünə uyğun olaraq göy öskürək, pnevmokok, qızılca-məxmərək, tetanus, difteriya, OPV və sair peyvəndlər vurulmalıdır. Bunlar hamısı Milli Peyvəndləmə Proqramında qeyd edilib. Amma bəzən valideynlər əsassız yerə peyvənddən imtina edir, bəzən səhiyyə qurumları da səhlənkarlıq edir, o baxımdan ki valideyn peyvənddən imtina edir, onlar da israr etmirlər. Bunun fəsadlarını biz qızılca xəstəliyinin yayılmasında və təəssüf ki, uşaqlar arasında ölüm hallarının olmasında gördük. Təsdiqləndi ki, peyvənd olunmaq zəruridir. Peyvənd olunmuş uşaqlar xəstəliyi daha yüngül keçirir. İndi bütün dünyada viruslar çoxalıb, xəstəlik halları artıb. Məsələn, Böyük Britaniyada qızılcaya qarşı peyvənd kampaniyasına başlayıblar. Hazırda dünyada koronavirusa yoluxma halları da artıb. Ümumdünya Səhiyyə Təşkilatı yenə həyəcan təbili çalır.
V.Qarayev qeyd etdi ki, qızılca hələ davam edir və ehtiyatlı olmaq lazımdır:
- Hələ də uşaq xəstələnir. Peyvəndə qarşı ən radikal mövqedə olan valideynlərin uşaqları da yoluxur. Bunu istəməzdim, sonrakı peşmançılıq uşağa heç nə vermir! Hindistan vaksinini bəyənməyənlər üçün deyim ki, özəl klinikaların birinə Avropa istehsalı vaksinlər gətirilib. Onu da deyim ki, peyvənd etdirən valideynlərin sayı artıb, bu, məni çox sevindirir. Körpələrimiz, uşaqlar xəstələnməsin. 40 ildən çoxdur uşaqlarla işləyirəm. Hər cür hadisəylə qarşılaşmışam. Həmişə də analara məsləhət vermişik ki, uşaqları qoruyun, vaxtlı-vaxtında peyvənd etdirin, gigiyena qaydalarına əməl edin, uşaq xəstədirsə, məktəb yaşında uşağı dərsə göndərməyin, gec sağalır uşaqlar, tam sağalmır, fəsadlar qalır, sonra xəstəlik yenidən qayıdır. İndi mürəkkəb zamandır. İndiyədək də müxtəlif infeksiyalar yayılırdı, epidemiyalar olurdu. Amma heç vaxt eyni vaxtda iki və daha çox yoluxucu infeksiyanın yayıldığı yadıma gəlmir. Belə şey olmamışdı. Çox ağır qrip epidemiyaları olub, amma bir infeksiyanın epidemiyası olub, 2, 3 yox. İndi vəziyyət çox gərgindi! Bir uşaq su çiçəyindən sağalır, qızılcaya yoluxur, başqa uşaq qızılcadan sağalır göy öskürəyə yoluxur və s. Hər infeksiyanın da öz reabilitasiya dövrünü nəzərə alsaq, uşaqlar tam sağlamlığına çox gec qovuşur. Özəl məktəblərdə nəzarət nisbətən ciddidir. Başqalarında yox. Həm poliklinikalardakı həmkarlarımın bəziləri çağırışa getmirlər, bunu valideynlər deyir, yaxşı hal deyil bu. Məktəb, təhsil vacibdir. Mövsümi infeksiyalarla yanaşı su çiçəyi, skarlatina, göy öskürək, qızılca kimi yoluxucu xəstəkilər də yayılıb uşaqlar arasında. Bu infeksiyaların yoluxduruculuq dövrü var. Həmin dövrdə kontakt olmamalıdır. Sonrakı reabilitasiya dövrü də var. Sadə dildə desəm, uşaq özünə gəlməlidi. Amma poliklinikadan arayış alan kimi uşağı məktəbə göndərir valideynlər, çünki KSQ, BSQ və s. kimi tələblər var məktəbdən. Uşaq məktəbə gedir, iki gün sonra başqa bir infeksiyaya yoluxub evə qayıdır. Uşaqları qorumalıyıq, heç nə, o cümlədən də təhsil uşağın salamlığlından önəmli deyil. Bunu həmişə demişəm, yenə deyirəm. Kimin xoşuna gəlmir, qınasın məni. Mənim üçün əsas uşağın sağlamlığıdır. Uşaq sağlam böyüməyəcəksə, onun təhsillinin nə özünə, nə ölkəyə bir faydası olacaq.