Buzlaqların əriməsi ilə qədim viruslar ortaya çıxır: Yeni ölümcül epidemiya...

Qlobal istiləşmə ilə Yerdəki həyata təsir edə biləcək yeni epidemiya təhlükəsi yaranıb. Alimlər hesab edirlər ki, Sibirdəki buzlaqlarda qalmış viruslar yeni, daha ölümcül epidemiyaya səbəb ola bilər.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, xəbərdarlığı Fransanın Eks-Marsel Universitetinin alimləri edib. Genetika ilə məşğul olan  alimlər bölgədə insanlara yoluxma və yeni epidemiya yaranma potensialına malik virusların olduğunu bildiriblər.

Fərziyyələrin içində Poliomielit xəstəliyinin qədim forması da var.

Mütəxəssislər qorxularını dilə gətirirlər ki, yeni qlobal tibbi fövqəladə vəziyyət qədim dövrlərə gedib çıxan bir xəstəliyin ortaya çıxmasına səbəb ola bilər.

Buna görə də qədim mikroorqanizmlərin törətdiyi xəstəliyin ilkin hallarını aşkar edəcək monitorinq şəbəkəsinin yaradılması planlaşdırılır.

Bölgədə bu ehtimalla bağlı araşdırmalar yeni deyil. “Zombi virusları” da adlandırılan Metuselah mikrobları artıq tədqiqatçılar tərəfindən təcrid olunub.

2014-cü ildə aparılan bir araşdırma göstərdi ki, viruslar minlərlə ildir əbədi donmuş torpaqda basdırılmış olsalar da, hələ də təkhüceyrəli orqanizmləri yoluxdura bilirlər.

Keçən il nəşr olunan başqa bir araşdırma, Sibirdə yeddi fərqli bölgədən toplanan mikrobların və virusların mədəni hüceyrələrə sirayət edə biləcəyini ortaya qoyur.

Tədqiqatda istifadə edilən virus nümunələrindən birinin 48.500 il yaşı var.

Bildirilir ki, həm qlobal istiləşmə, həm də Sibirdə gəmiçilik və mədənçilik fəaliyyətləri mümkün epidemiya təhlükəsini artırır.