Yaşıl dəhlizlərin yaradılması gündəmdir

İctimai və dövlət maraqlarının müdafiəsi

Bu həm əhalinin sağlamlığı, həm də dövlət maraqları baxımından vacibdir

Bakının Baş planı təkcə yaşayış keyfiyyətinin yüksəlməsinə deyil, iqtisadi inkişafa da təkan verəcək

  Yeni ilin başlanğıcında ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planı paytaxtın insanyönümlü şəhərə çevrilməsi istiqamətində əsaslı və tutarlı sənəddir. 4 vacib hədəfə əsaslanan Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir: şəhərin dayanıqlı inkişafı, şəhər və ətraf mühitin bərpası, memarlıq irsinin qorunması, yeni şəhər iqtisadiyyatının formalaşdırılması. Təbii ki, bütün prioritetlər şəhər sakinlərinin daha rahat yaşayışı, şəhər infrastrukturunun müasir səviyyəyə çatdırılması, cəmiyyətin paytaxtın iqtisadi, sosial-ictimai, mədəni obyektlərindən əlverişli istifadəsini nəzərdə tutur. Burada əsas məqsəd ilk növbədə ictimai məmnunluğu təmin etməkdir. Həmçinin paytaxtın Baş planında nəzərdə tutulan işlər dövlət mənafeyinə də hesablanır. Baş plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. Baş plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, “hibrid yaşıl dəhlizlərin” yaradılması ilə ətraf mühitin təmizlənməsi, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir. Bakıda təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 370 ha artırılması tələb olunur. Layihə ərazisinin 10 faizi açıq təbii və yaşıllıq ərazilər kimi nəzərdə tutulmalıdır. Yaşayış zonaları daxilindəki ictimai parklar və meşə-parklardan başqa, bu kateqoriyaya açıq sahil zonaları və ekoloji əhəmiyyətə malik təbii landşaft əraziləri də daxildir. Baş plan çərçivəsində təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 370 ha artırılması tələb olunur. Məlumdur ki, müasir dövrdə alternativ enerjilərdən istifadə zamanın tələbinə çevrilib. Gələcək nəsillərə təbii ehtiyatları daha münasib ölçüdə ötürmək dövlətlər üçün əsas məqsədə çevrilib. Xalqın gələcəyini, dövlətçiliyin daha da möhkəmlənməsini, enerji resursları baxımından asılı olmamağı, özünü daim təmin etməyi qarşısına məqsəd qoyan Azərbaycan dövləti də alternativ enerji mənbələrindən istifadəyə xüsusi önəm verir. Bu istiqamətdə zəruri işlər aparılır. Bu baxımdan diqqətəlayiq haldır ki, Bakının Baş planında yaşıllıq ərazilərinin artırılması və post-sənaye dövrünə hazırlıq prioritet məsələ kimi qoyulub. Bakının insanyönümlü şəhərə çevrilməsinə çoxdan başlanılıb. “Bakı Ağ şəhər” layihəsi, ilk növbədə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alıb. Dövlət başçısı 2011-ci il dekabrın 24-də “Bakı Ağ şəhər”in təməl daşını qoyarkən layihənin uğurla icra ediləcəyinə böyük əminliyini ifadə edərək deyib: “Bakı şəhərində çox gözəl layihə başlayır. Şəhər içində şəhər yaradacağıq. “Ağ şəhər” layihəsi artıq bundan sonra icra edilməyə başlayır. Bu, ölkəmiz, şəhərimiz üçün çox əlamətdar hadisədir. Bu şəhərin adı da gözəldir, memarlığı, quruluşu da”. “Ağ şəhər” layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçiriib. Neft tullantılarına görə vaxtilə “Qara şəhər” adlanan ərazi abadlaşaraq “Ağ şəhər”ə çevrilib və xalqın istifadəsinə verilib. Bakı bulvarının, sahilyanı zonaların getdikcə uzadılması, abadlaşması da dövlətin xalqına bir töhfəsidir. Bu, ictimaiyyətə daha rahat istirahət imkanları yaradır. İnşası mərhələli şəkildə həyata keçirilən Bakı Ağ Şəhərin Mərkəzi Park Rayonunda bir sıra binaların, ictimai yerlərin tikintisi artıq başa çatıb, infrastruktur işləri həyata keçirilib. Müxtəlif küçələrin tikintisi, yeraltı kommunikasiya infrastrukturunun qurulması ilə bağlı işlər də yekunlaşıb. Layihələndirmə işləri zamanı Bakı Ağ Şəhərdə inşası nəzərdə tutulmuş Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə konsepsiya hazırlanıb. Tamamlama işləri çərçivəsində əlil arabaları üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu dayaqlar tikilib, videomüşahidə kameraları qurulub, İT kanal sistemləri çəkilib. Mərkəzi Park Rayonu, 2017-ci ildə istifadəyə verilmiş Paris evlərindən başqa 36, 20 və 8 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binalarından, ticarət və iaşə obyektlərindən, orta məktəbdən, ofis və inzibati binalardan ibarətdir. Layihələndirmə zamanı Ağ Şəhərin Mərkəzi Park Rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar - parklar və xiyabanlar nəzərdə tutulub. Onların arasında Dağdağan bağı da var.
  Bakının insanyönümlü şəhərə çevrilməsi istiqamətində atılan addımları müsbət adlandıran iqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Bakının Baş planı təkcə yaşayış keyfiyyətinin yüksəlməsinə deyil, iqtisadi inkişafa da təkan verəcək:

- Bir məqamı xatırladım ki, cənab Prezident İlham Əliyev Ağ şəhərdə aparılan işlərlə tanış olarkən, dövlət başçısına məlumat verildi ki, “Ağ şəhər”dəki Biznez Mərkəzinin binası yaşıl bina standartlarına uyğundur. Biznes mərkəzi 2030-cu ilə qədər iqlim proqnozları üzrə CRREM tələblərinə uyğundur. Binanın 2030-cu ildən sonra dünya iqliminin temperaturunun 1,5 dərəcə artması proqnozu ilə əlaqədar CRREM tələblərinə uyğun olmasını təmin etmək məqsədilə binanın damında günəş panelləri quraşdırılıb. Bu, dövlətimizin təbii resurslardan, enerji yataqlarından səmərəli istifadəyə necə önəm verdiyini göstərir. Hazırda bütün dünya qlobal iqtisadi böhrana hazırlaşır. Belə bir şəraitdə təbii ehtiyatlardan mümkün qədər səmərəli istifadə olunmalıdır ki, kiməsə, hansısa dövlətin köməyinə ehtiyac yaranmasın. Bunun üçün də ölkələr alternativ enerjilərdən maksimum istifadəyə çalışırlar. O cümlədən də Azərbaycan. Yəni yaşıllıqların artırılması, yaşıl dəhlizlərin yaradılması, günəş, külək enerjilərindən istifadə həm əhalinin sağlamlığı baxımından, həm də dövlət maraqlarının təmini baxımından vacibdir. Xatırladım ki, Azərbaycan ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu, ölkəmizin “yaşıl iqtisadiyyata keçid strategiyası”nın məntiqi davamıdır. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu onu göstərir ki, Azərbaycan dövləti gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdə israrlıdır. Azərbaycan dövləti 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyir. Bizim bərpaolunan enerji mənbələrinə görə potensialımız yüksəkdir. 30 ilə yaxın ermıni separatçılarının işğalı altında saxlanılan Qarabağ və ətraf bölgələr azad edildikdən sonra bu imkanlarımız daha da artıb və indi bizim həm əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaq, həm də ölkəmizin iqtisadiyyatını, kənd təsərrüfatını inkişaf etdirmək üçün mənbələrimiz daha da çoxdur. Bioenerjidən də istifadə edə bilərik, bərpa olunan enerjidən də. Bununla həm əhalinin sağlamlığı, ekoloji saflıq təmin ediləcək, həm də dövlətimizə faydası olacaq.