ABŞ qüvvələrinə qarşı hücum: 3 əsgər həlak olub, azı 25 nəfər yaralanıb

İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edilib. Hücum nəticəsində 3 amerikalı əsgərin öldüyü, çoxlu sayda əsgərin yaralandığı bildirilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  ABŞ prezidenti Co Bayden İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən ABŞ qüvvələrinə qarşı pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb.

Hücumda 3 ABŞ əsgərinin öldüyü, ən azı 25 əsgərin yaralandığı bildirilib. Bayden hücumun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi silahlı qruplar tərəfindən həyata keçirildiyini vurğulayıb.

İordaniya hökumət sözçüsü ABŞ əsgərlərini hədəf alan hücumun onun ərazisində törədilmədiyini açıqlayıb.

ABŞ-ın yaralı əsgərlərin sağlamlıq durumu ilə bağlı verilən  açıqlamada 34  nəfərin  ağır beyin travması keçirdiyi qeyd edilib.