Paşinyan kreslosunu qoruya bildi 

Ermənistandakı aksiyaların 1 ayı tamam oldu

Hazırda daxili siyasi gərginlik hökm sürsə də, hakimiyyət müəyyən qədər prinsipiallıq göstərir

  Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə hökumət əleyhinə keçirilən etiraz aksiyaları davam edir.
Eyni zamanda etirazçılarla polis arasında qarşıdurma da şiddətlənir. “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları ölkənin istintaq komitəsinin binasına doğru yürüş ediblər. Etirazçılar saat 10:00-da paytaxtın Ərəbkir rayonundakı Surb Xaç kilsəsinin həyətinə toplaşdıqdan sonra piyada istintaq komitəsinə yollanıblar.
Ancaq etirazçılar binaya tam yaxınlaşa bilməyiblər. Onları burada çoxlu polis əməkdaşı, o cümlədən xüsusi təyinatlılar (qırmızı beretlilər) əhatəyə alıblar. Aksiya yerli xəbər portalları tərəfindən canlı yayımlanıb.
  Mitinqlərdə iştirak edən erməni apostol kilsəsinin Şörəyel (Şirak) yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan bildirib ki, yaxın günlərdə Böyük Qarakilsəyə (Vanadzor), Basarkeçərə (Vardenis) və Zəngəzura (Sünik) da səfər etməyi planlaşdırır: “Təhlükə Tavuşdan Mığrıya (Meghri) qədər uzanır. Çünki qeyri-qanuni, konstitusiyaya zidd cinayət (Azərbaycanla sərhədin delimitasiya və demarkasiyasını nəzərdə tutur–S.H.) Tavuşla məhdudlaşmayacaq”.
  Etiraz aksiyaları ilə bağlı erməni mediasına açıqlama verən erməni ekspert Ovannes Avetisyan deyib ki, indiki şəraitdə müxalifətin mitinqlərinə 100 mindən çox insan toplaşsa belə, bu, Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Onun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi Nikol Paşinyanın güclü olduğuna görə yox, müxalifətin çox zəif olması səbəbindən baş tutmayacaq.
  Ermənistanda baş verən prosesləri dəyərləndirən politoloq Oqtay Qasımov isə “Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanda hazırda daxili siyasi gərginlik hökm sürsə də, hakimiyyət müəyyən qədər prinsipiallıq göstərir:

“Ermənistandakı aksiyaların 1 ayı tamam oldu. May ayının 3-də sərhəd bölgəsində başlanan etiraz aksiyaları 9 maydan etibarən paytaxt İrəvanda davam etməkdədir. Ermənistandakı etiraz aksiyalarının başlanma səbəbi kimi şərti dövlət sərhədində gedən delimitasiya işləri göstərilsə də, əsl məqsəd Baş nazir Nikol Paşinyanın devrilməsi idi. 9 mayda Respublika meydanına 20 min arası etirazçı toplaşmışdı. Etirazçıların tələbi Paşinyanın istefa verməsi idi. Hətta bunun üçün ona 3 saat 15 dəqiqə vaxt verənlər də olmuşdu. Görünən də odur ki, Ermənistan hökuməti zaman uzandıqca gərginliyin səngiyəcəyni düşünür və buna görə də etirazlara ciddi reaksiya vermədi. Əslində, proqnozları özünü doğrultdu. Sonrakı günlərdə isə biz bu sayın artmasına yox, azalmasına şahid olduq. Bu isə o deməkdir ki, keşişin başladığı hərəkat bir qrup etirazçı kütlənin xaotik hərəkatına çevrilib. Hesab edirəm ki, qarşıdakı günlərdə sürpriz hadisələr olmasa etiraz aksiyalarının real bir nəticəsi olmayacaq”.
  O.Qasımovun sözlərinə görə, Paşinyan hakimiyyətinin etiraz aksiyalarından narahat olmamasının əsas səbəblərindən biri meydanlarda keçmiş müxalifət liderlərinin olmamasıdır: “Əvvəlki illərdə keçirilən aksiyalar daha genişmiqyaslı və daha məqsədli idi. Həmin aksiyalarda baş nazirliyə namizəd olmaq istəyən konkret şəxslərin adı vardı. 2020-2021-ci illərdə keçirilən etiraz aksiyalarında 17 siyasi partiya nümayəndələri iştirak edirdi. Hazırkı aksiyalarda isə Paşinyana rəqib qüvvə yoxdur. Keşiş Baqrat Qalstanyan aksiyanın ilk günlərində namizədliyini irəli sürəcəyini bəyan etsə də, müxalif qüvvələrin onu dəstəkləmədiyi bəlli oldu. Ermənistanda güclü partiyalardan biri kimi qəbul edilən “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyanın da keşişin hərəkatına dəstək vermədiyi məlum olub”.
  Politoloqun dediyinə görə, indiki məqamda aksiyalar Paşinyanı devirmək üçün kifayət deyil. Maraqlıdır ki, prosesin belə davam etməsi sülh prosesinə mane ola bilərmi? Bu məsələyə toxunan O.Qasımov qeyd edib ki, aksiyalara rəğmən Paşinyan hökumətində birlik davam edir, çat yoxdur. Paşinyanın mövqeyi isə sülhdən yana görünür: “Yəni o, Ermənistan mifi yox, mövcud Ermənistanın taleyi ilə maraqlanır. Əgər Paşinyan etiraz aksiyalarından sui-istifadə edib sülh prosesini uzatmağa çalışacaqsa, danışıqlar nəticəsiz qala bilər. Paşinyan və onun komandası siyasi iradə nümayiş etdirsə, daxili və xarici təzyiqlərə qarşı müqavimət göstərə bilsə, sülh danışıqları öz axarında davam edə bilər. Yetər ki, Ermənistanın siyasi hakimiyyəti prinsipial mövqeyini qorusun, manipulyasiya etsə, o zaman etiraz aksiyaları həm sülh prosesinə, həm də Ermənistanın özünə ciddi zərər verə bilər”.