İranın və Ermənistanın nə istəməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq  - Politoloq

Başqa heç bir variant yoxdur


"Sadəcə, Cənubi Qafqaz regionundan deyil, eyni zamanda Livan, İsrail, Suriya və İraq ərazisindən keçəcək kommunikasiyaların tədricən işə düşəcəyi ehtimalı yüksəkdir". Bu barədə Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Ekspert bildirib ki, Yaxın Şərqdə müharibələrin, qarşıdurmaların əsas səbəblərindən biri budur: 

"Suriyada başlayan savaş, sadəcə, vətəndaş müharibəsi deyildi. Həm də kommunikasiya, geosiyasət və iqtisadiyyat uğrunda mübarizə idi. 44 günlük müharibənin nəticəsi kimi Cənubi Qafqaz bölgəsində də yeni proseslərin şahidi olmaqdayıq. Qonşu İranın və Ermənistanın nə istəməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. Burada heç bir digər variant yoxdur. Ümumiyyətlə, dünyadakı kommunikasiya məsələləri yeni mərhələyə qədəm qoyur. Əgər indiyədək ənənəvi yollarla yükdaşımalarına şahidlik edirdiksə, Şərq və Qərb arasında Rusiya və okeanlar vasitəsilə yüklər daşınırdısa, bugündən etibarən həm nəqliyyat vasitələrində, həm də enerji resurslarının ixracında yeni marşrut xətlərinin də açılmasına şahidlik edəcəyik". 
Z.Məmmədov vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı İranı ciddi şəkildə narahat edən əsas məqam Fransa kimi Qərb ölkələrinin Zəngəzurda yerləşməsidir: "Tehran İrəvanla münasibətlərində bu məsələlərə aydınlıq gətirə bilər. Bakı və Naxçıvanı, ümumən türk dünyasını birləşdirəcək nəqliyyat xəttinin digər dövlətlərə heç bir aidiyyəti yoxdur. Əslində, İran özü bu dəhlizdən böyük mənfəət əldə edə bilər. İzolyasiya siyasəti, özünə qapanma, öz maraqları ilə böyük iddialarla çıxış etmək sonda ciddi fəsadlara yol açır. İran bütün bölgələrdə uduzdu, proksi qüvvələri də əhəmiyyətini itirdi. Əgər İran Cənubi Qafqazı da tamamilə itirmək istəyirsə, bu cür siyasətini davam etdirsin. Ancaq indiki halda belə addım Tehrana heç bir dividend gətirməyəcək".