Mixeil Kavelaşvili: Biz Avropa Birliyinə  öz dəyərlərimizlə üzv olmaq istəyirik


“Dəyərlərindən və adət-ənənələrindən imtina edərək Gürcüstanın hansısa təşkilata qoşulmasının mənası yoxdur”.

“Report” xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə açıqdır, lakin Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var.

“Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, vətəni müdafiəmiz olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa Birliyinə olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik”.

Mixeil Kavelaşvili ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin hökumətlə qarşıdurmasını da dəyərləndirib. O qeyd edib ki, Zurabişvili hökumətin siyasəti ilə razılaşmırdısa, istefa verməli idi.