Suriyanın keçmiş prezidenti Bəşər Əsədin mətbuat xidmətinin rəsmi “Telegram” kanalında bəyanat yayımlanıb. O bəyanatda bildirib ki, Suriyanın yenidən azad və müstəqil ölkə olacağına ümid edirəm: "Ölkəyə və xalqa aid olma hissim məndə Suriyanın yenidən azad və müstəqil olacağına ümid oyadır".
Sözügedən açıqlamanı "Sherg.az"a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Suriyada baş verən proseslər fonunda Bəşər Əsədin verdiyi açıqlama nikbin bir əhval-ruhiyyə yaratmır.
"Bunun əsas səbəbi, ölkədəki vəziyyətin olduqca çətin və acınacaqlı olmasıdır. Hazırda Suriyada kaotik vəziyyət davam edir. Əsəd rejiminin süqutundan sonra bir neçə şəxs vətənə qayıtsa da, bu, dərhal sabitlik, təhlükəsizlik və əmin-amanlığın bərpası anlamına gəlmir. Mövcud şəraitdə Suriyadakı proseslər müxtəlif qrupların təsiri altında yönləndirilir. Əgər bu qruplar xalqı və dövləti öz ətraflarında birləşdirə bilsələr, ölkədə dövlətin yenidən bərpası və vahidliyinin təmin edilməsi mümkündür. Əks təqdirdə, parçalanma və qeyri-sabitlik davam edəcək. Mənim fikrimcə, Suriyanın hal-hazırkı vəziyyəti Bəşər Əsədin hakimiyyətindən sonra qalan irs və idarəetmə böhranının nəticəsidir. Bu şəraitdə, Bəşər Əsədin Suriyanı tam idarə etməsi mümkünsüz görünür. Hazırkı hakimiyyət və beynəlxalq qüvvələr Əsədi potensial təhlükə olaraq qiymətləndirirlər. Əgər Əsəd yenidən Suriyaya nəzarəti ələ keçirmək istəyirsə, əsas dəstəyini Rusiyadan alacağı ehtimalı var".
Ekspert əlavə edib ki, Rusiyanın gələcəkdə Əsədi hakimiyyətə qaytara biləcəyini düşünmək hələ də aktual bir sualdır:
"Mənə görə, yaxın perspektivdə bu ehtimalın həyata keçməsi çətin görünür. Əgər Rusiya-Ukrayna müharibəsi aktiv fazadan passiv fazaya keçməsə və ya atəşkəs elan olunmasa, Rusiyanın Suriyadakı planlarını həyata keçirməkdə çətinliklər yaranacaq. Buna baxmayaraq, Bəşər Əsədin yenidən hakimiyyətə gəlməsi və xalq tərəfindən qəbul edilməsi mövcud şərtlərlə real deyil. Tarixdə hakimiyyətdən getdikdən sonra yenidən hakimiyyətə qayıdan liderlər olub, lakin bunun baş verməsi üçün mövcud vəziyyətin tamamilə dəyişməsi lazımdır. Əgər belə bir dəyişiklik baş verərsə, proses fərqli bir istiqamət alacaq. Lakin indiki şəraitdə və mövcud şərtlərlə Bəşər Əsədin hakimiyyətə geri dönməsi ehtimalı çox zəifdir".