ABŞ ermənipərəst mövqeyindən nisbətən uzaqlaşacaq - POLİTOLOQ

ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin tezliklə vəzifəsini tərk edəcək. “İravunk” qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, onun geri çağırılması ilə bağlı qərar təxminən 10-15 gün əvvəl verilib, lakin diplomat postunu bir ay sonra tərk edəcək. Eyni zamanda, Kvinin ABŞ-da məhkəmə qarşısına çıxacağı da iddia olunur. Qəzet yazır ki, ona qarşı irəli sürülən suallar onun Ermənistana gəlməzdən əvvəl ABŞ-ın Ukraynadakı işlər üzrə müvəqqəti vəkili olması ilə bağlıdır.

Mənbələr bildirir ki, Kvinin yerinə neytral mövqe tutan bir diplomat təyin ediləcək. Qeyd edək ki, bir neçə gün əvvəl  Ermənistanda ABŞ-a məxsus bioloji laboratoriyaların yerləşdirilməsinə etiraz əlaməti olaraq bu ölkənin İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib. Aksiyada iştirak edən fəallar ABŞ səfiri Kristin Kuininin “arzuolunmaz şəxs” elan edilməsi üçün imza toplanılmasına başlayıb və ABŞ-da yaşayan ermənilərin də prosesə qoşulmasını təklif ediblər. 


Amerika Birləşmiş Ştatlarının Ermənistanla bağlı siyasətini şərh edən siyasi ekspert Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında  deyib ki, Prezident Donald Tramp özündən əvvəlki dövlət başçısı Co Baydenin fəaliyyətini kəskin şəkildə tənqid edir və onun atdığı addımları Amerika Birləşmiş Ştatlarına xəyanət kimi dəyərləndirir: 

"Demək olar ki, verdiyi qərarların tam əksinə işlər görür. Eyni zamanda Trampın Amerikanın xarici siyasətində ciddi redaktələr edəcəyi, bir çox ölkələrdəki diplomatik nümayəndələrini dəyişəcəyi şübhə doğurmur. Artıq bir neçə ölkəyə, o cümlədən də bizim qardaş ölkəmizə, Türkiyəyə yeni səfir təyin edib. Ermənistandakı səfirin dəyişməsi də Trampın Amerikanın xarici siyasətində  etdiyi redaktələrdən irəli gəlir". 

Kristina Kvinin məhkəmə qarşısına çıxarılacağı iddialarına gəldikdə isə politoloq deyib ki bu iddia onun əvvəlki fəaliyyət illəri ilə bağlıdır: 

"O məhkəmədə özünü necə müdafiə edəcək, məhkəmə hansı qərarı verəcək bütün bunları gələcək göstərir. K. Kvinin geri çağrılacağı, onu başqa bir diplomatın əvəz edəcəyi barədə məlumatlar isə hələ ki Ermənistan mətbuatında yayılıb. Onun Ermənistandakı  fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı son qərarı Tramp verəcək. Söz yox ki, K.Kvin öz işini davam etdirsə belə Tramp Co Baydenin Cənubi  Qafqaz siyasətini yanlış saydığı üçün səfirin dəyişdiriləcəyini güman edirəm. Fikrimcə təkcə Ermənistandakı səfir  yox, digər Cənubi Qafqaz ölkələrindəki nümayəndələrinə də əl gəzdirəcək".

Trampın  ermənipərəst siyasətçi sayılmadığını xüsusi vurğulayan A. Səmədov qeyd edib ki, onun Cənubi Qafqaz siyasəti ABŞ-nin ermənipərəst mövqedən nisbətən uzaqlaşması ilə nəticələnəcək: 

"D. Tramp birinci hakimiyyəti dövründə də sübut etmişdi ki, erməni diasporunun təsiri ilə hərəkət etmir. Yəni, erməni diasporunun təzyiqlərinə qətiyyən önəm vermir. Bunu Ermənistan üçün o qədər də uğurlu saymaq olmaz. Böyük ehtimalla, Trampın Cənubi Qafqaz siyasəti ABŞ-nin ermənipərəst mövqedən nisbətən uzaqlaşması ilə nəticələnəcək. Onu da deyim ki,  Donald Tramp açıq şəkildə Rusiya-Ukrayna müharibəsinin günahını Co Baydenin üzərinə atır. Baydenin post sovet ölkələrinə qarşı yeritdiyi siyasəti yanlış hesab edir. Xatırlayırsınızsa, Bayden Administrasiyası hakimiyyətlərinin son günlərində Ermənistanla tərəfdaşlıq sazişi imzalamışdı.   Seçkilərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri isə göstərdi ki Tramp Administrasiyası Paşinyanı strateji tərəfdaş saymır. Ermənistanla münasibətlərinə  məsafə qoyan Tramp Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əməkdaşlığın daha da sıxlaşdırılması xəttini əsas götürəcək".