Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ

"O, dövlətin maraqlarından çox şəxsi maraqlarını ön planda tutaraq ölkələrlə diplomatik əlaqələrə üstünlük verirdi”

“Putin bəzi liderlərə təsir edir, Orban da bu xəttin içində idi”

Macarıstanın Baş naziri Viktor Orban 16 ildir ki, hakimiyyəti güclü şəkildə əlində saxlayırdı. Lakin aprelin 12-də keçirilən parlament seçkilərində onun məğlubiyyəti beynəlxalq aləmdə gözlənilməz hadisə kimi qarşılanıb. Macarıstan Avropa İttifaqına üzv olsa da, Orban təşkilat daxilində sərt və fərqli mövqeləri ilə tez-tez gündəmə gəlib. Baş nazir dəfələrlə Ukraynaya yönələn hərbi və maliyyə yardım paketlərinə tənqidi mövqe sərgiləyib. Ölkə daxilində “siyasi oyunçu” kimi tanınan Orbanın seçki proseslərinə müdaxilə etdiyi barədə iddialar var. Buna görə də son seçkilərdə onun məğlubiyyəti geniş ictimai rezonans doğurub. Müxalif Tisa Partiyasının lideri Peter Maqyar 53% səs toplamaqla, Orbanın "Fides" partiyasını üstələyib. Hətta Orban parlament seçkilərindəki məğlubiyyətini özü etiraf edib. Yeni liderin timsalında Macarıstan xalqının taleyinin necə formalaşacağı maraq doğurmağa başlayıb. 

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, V. Orban dırnaqarası Rusiya siyasətinin fəal simalarından biridir: 

“Orbanın aranı qarışdırmadan hakimiyyətdən gedəcəyini gözləmirdim. Onun əvvəlki dövrlərdə olduğu kimi hakimiyyəti əldə saxlamaq üçün seçkidə saxtalaşdırma aparacağına inanırdım. V. Orban, mürəkkəb və dəyişkən siyasi şəraitdə çevik qərarlar qəbul etməyi, müxtəlif vəziyyətlərə uyğunlaşaraq çıxış yolu tapmağı bacaran liderlərdən biridir. Onu vətənpərvər adlandırmaq gülüncdür. Çünki o, dövlətin maraqlarından çox şəxsi maraqlarını ön planda tutaraq ölkələrlə diplomatik əlaqələrə üstünlük verirdi”. 

Politoloqun sözlərinə görə Orban 16 illik fəaliyyəti dövründə ABŞ və Rusiyaya meylli siyasəti ilə tanınıb:

“Putin bəzi dünya liderlərinə kommunikasiya və məlumat mübadiləsi müqabilində rüşvət verir. Bu strategiya xüsusilə də Moskvanın Aİ və digər rəqib ölkələrə qarşı müdafiə olunmasına xidmət edir. Orbanın Avropa İttifaqına üzv olmasına baxmayaraq Rusiyaya qarşı sərt siyasətə etiraz etməsi təsadüfi sayılmır. Putin Orbanın əli ilə Avropa İttifaqında ixtilaf salırdı. Bir ara Slovakiyanın Baş naziri də bu proseslərə cəlb edilmişdi”.

Q.Hüseynlinin fikrincə, Rusiya öz maraqlarını həyata keçirmək üçün pozucu fəaliyyətlərlə məşğul olur:

“Bütün dünya Orbanın Avropa İttifaqı kimi möhtəşəm təşkilatın maraqlarını Putin kimi işğalçı liderə satdığının şahidi idi. Maqyar da vaxtilə Orbanın Fidesz partiyasının üzvü olub. Uzun illər dövlət strukturlarında Fidesz hökuməti dövründə vəzifələr tutub. Maqyarın, Orban ilə münasibətləri bir dövr yaxın xarakter daşıyıb. Demək olar ki, hər ikisinin daxili və xarici siyasi görüşləri üst-ütstə düşür”. 

Analitik bildirib ki, bu dəyişiklik Maqyar timsalında Macarıstanda yeni siyasi nəfəs və islahat yönümlü bir mərhələnin başlanğıcına yol açmalıdır:

“Əgər Maqyar da Orbanın siyasi xətti ilə irəliləyib, Aİ-na qarşı sərt mövqe sərgiləyərsə, Macarıstanı təşkilatdan atacaqlar. Yeni lider Avropa İttifaqı ilə isti münasibətlər quracağı təqdirdə, ölkəni inkişafa aparacaq. Fikrimcə, hakimiyyətə yeni gələn gənc Maqyar, Aİ ilə münasibətləri korlamaqla öz reputasiyasına zərər verməməlidir. O, Orbandan fərqli olaraq Rusiyanın maşası olmaq əvəzinə, Macarıstan xalqının etimadını qazanmağa üstünlük verməlidir”.