Bakıda avtomobil qaz borusu təmir edilən quyuya düşüb. APA xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Hüseyn Cavid prospekti 231-235 ünvanında “Daewoo” markalı avtomobili idarə edən Əziz Vəliyev qəfil yolun ortasında qazılmış quyuya düşüb. Sürücü sınıq xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Ə.Vəliyevin APA -ya verdiyi xəbərə görə, “yolda heç bir nişan qoyulmayıb”.
Nəticədə qəza baş verib.
Hadisə yerinə “Azəriqaz” ASC-nin əməkdaşları cəlb edilib.
“Azəriqaz” ASC-nin çilingəri bildirib ki, yolda nişan qoyulub, işlər çox olduğundan yolu qazaraq işi yarımçıq qoyublar.
Hadisə yerinə Yasamal RPİ və Yasamal DYPŞ-nın əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranmasın deyə Yol Patrul Xidmətinin əməkdaşları hərəkəti nizamlayıb.
Qeyd edək ki, avtomobili quyudan çıxarmaq üçün hadisə yerinə ağır texnika da cəlb edilib.