Bakıdan İstanbula gələn bir neçə azərbaycanlı Türkiyədə toxuculuq firmasını və yük şirkətini ümumilkdə 250 min dollar məbləğində qarət edib, İlk soyğun hadisəsi oktyabrın 8-də İstanbulun Fatih bölgəsində baş verib. Silahlı və maskalı iki şəxs toxuculuq firmasının ofisinə girərək, oradakı insanlara qarşı güc tətbiq edib və kassadan 130 min dollar götürüb. Oğurluq videokameralarla lentə alınıb.
Polis həmin faktla bağlı araşdırma apararkən cinayətkarlar daha bir basqına imza atıblar. Noyabrın 1-də onlar eyni ərazidə, yük daşınmaları ilə məşğul olan şirkətə "baş çəkiblər". Amma bu dəfə üç nəfər olublar. Yenə maskada və silahlı.
Dəstə bu dəfə 120 min dollar aparıb, lakin polisin müdaxiləsi səbəbilə cinayətkarlar qaçmaq məcburiyyətində qalıblar. Nəticədə dəstə üzvlərindən biri tutulub. Məlum olub ki, o, 28 yaşlı Vəli V.-dir.
O, hər iki cinayəti eyni adamların törətdiyini etiraf edib. Məlum olub ki, azərbaycanlılar Bakıdan İstanbula məxüsusi olaraq oğurluq üçün gəliblər və ikinci basqından dərhal sonra onlardan ikisi Türkiyəni tərk edib. Vəli onu da bildirib ki, ikinci basqın zamanı cinayətkarlar çoxlu paltar geyiniblərmiş ki, sonradan üstündəkini çıxararaq izi itirə bilsinlər.
Soyğunçuların Türkiyədən kənara qanunsuz olaraq pul göndərdikləri bildirilir. Polis artıq digər cinayətkarların da adlarını müəyyənləşdirib və onları tutmaq üçün müvafiq tədbirlər görür. Vəli V. isə artıq dəmir barmaqlıqlar arxasındadır.