Azərbaycanda zəhərlənmə faktları gizlədilir


Çünki illərdir ki, Səhiyyə Nazirliyi bütün mallara, xidmətlərə yeni sertifikatlar verir ki, guya, hər şey əladır
Hələ biz bir dəfə də görməmişik ki, zəhərlənmədən insanlar öləndə ona kompensasiya verilsin, kimsə həbs olunsun
"Çox təəssüf ki, Milli Məclis və AQTA qanun layihəsini gizlində müzakirə edir"

Azərbaycanda “Qida Təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur. Qanun layihəsində Azərbaycana idxal olunan və daxildə istehsal olunan qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi məsələləri və bu sahədə yeni qaydaların tətbiqi nəzərdə tutulur.

Yeni qanun layihəsi barədə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, əslində bu layihələr hazırlanarkən, onun ictimai müzakirəsi lazımi səviyyədə aparılmır. O qeyd edib ki, qanun layihəsi barədə heç bir ümumi rəy aparılmadan birbaşa Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir: 

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu qanun layihəsini hazırlayarkən, İctimai Şurada müzakirəsini keçirməyib. Mən İctimai Şuranın üzvü olduğum üçün bunu dəqiq bilirəm. Qeyd edim ki, 2019/25-ci illər üçün qida təhlükəsizliyinin təmin olunmasına dair dövlət strategiyası var. Onun ikinci bəndində çox əhəmiyyətli rəqəmlər var. Orda bütün dünyada zəhərlənmələrin və bu zəhərlənmələrdən ölənlərin sayı göstərilir. Eləcə də  orada zəhərlənmələrdən ölənlərin 30 faizinin 5 yaşına çatmayan uşaqlar olduğu da qeyd olunur. Əgər o rəqəmləri biz ölkəmizlə müqayisə etsək, görərik ki, Azərbaycanda əslində ildə 4900 nəfər zəhərlənmədən ölməlidir. İllər boyu Azad İstehlakçılar Birliyi diqqətə çatdırıb ki, zəhərlənmələr Azərbaycanda gizlədilir. Çünki illərdir ki, Səhiyyə Nazirliyi bütün mallara, xidmətlərə yeni sertifikatlar verir ki, guya, hər şey əladır. İnsanlar zəhərləndikdə isə Səhiyyə Nazirliyi onu ictimaiyyətdən gizlədir, çünki həmin mala özü sertifikat verib. Əgər məsələ qaldırılsa ki, flan maldan insan zəhərlənib, onda mal yiyəsi sertifikatı qoyacaq stolun üstünə ki, bu sertifikatı sən yoxlamısan və sən vermisən. İllər boyu Azad İstehlakçılar Birliyi (AİB) iş apardı ki, sertifikatlaşdırma orqanı ayrı olsun, yəni yoxlayıcı orqanın əlində olmasın. Çox təəssüflər olsun ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu səhvini davam etdirdi və sertifikat vermək funksiyasını öz üzərinə götürdü. Mən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) dəfələrlə demişəm ki, sertifikat verən orqan ayrı olmalıdır və malların keyfiyyətinə məhz həmin qurum cavabdehlik daşımalıdır. Təəssüflər olsun ki, AQTA yaranandan sonrakı statistikanı biz izləsək görərik ki, Azərbaycanda qida zəhərlənmələrindən ölənlərn sayı 3-5 nəfərdir, yaxud bu açıq mənbələrdə heç yoxdur. Ümumdünya göstəricisi ilə müqayisə edəndə Azərbaycanda görün neçə dəfə guya vəziyyət yaxşıdır. Əslində bu belə deyil. Mən 24 ildir ki, istehlakçı hüquqlarının qorunması ilə məşğulam, hələ biz bir dəfə də görməmişik ki, zəhərlənmədən insanlar öləndə ona kompensasiya verilsin, kimsə həbs olunsun. Hamısı da istehlakçının üstünə yıxılır. Guya istehlakçı özü pis saxlayır, öz evində zəhərlənib və s. kimi bəhanələrlə".

E.Hüseynov qeyd edib ki, Azad İstehlakçılar Birliyi hökumətin bu siyasəti ilə razı deyil və mütləq şəkildə şəffaflıq qaydalarına riayət olunmalıdır:

"Zəhərlənmələr aydın görünməli, insanlara kompensasiya verilməlidir. Azərbaycan həkimləri çox zaman zəhərlənmələr barədə qorxularından yazmırlar, hətta bu barədə dəfələrlə şikayətlər də olub. Ancaq bu məsələ hələ də qaranlıq qalmaqda davam edir. Çalışacağam ki, Milli Məclisdə həmin qanun layihəsi müzakirə olunanda orada iştirak edim, hətta çağırmasalar belə bir yolla öz fikirlərimi deyəcəyəm. Çox təəssüf ki, Azərbaycan Respublikasının Milli Məclisi və AQTA bunları çox gizlində müzakirə edir. Bu isə tamamilə səhvdir. Azərbaycanın dövlət başçısının apardığı şəffaflıq və ictimai nəzarət siyasətinə tamamilə ziddir.  Bunlara birdəfəlik son qoyulmalıdır!".