Sumqayıtda avtoxuliqanlıq edən sürücülər saxlanılıblar


Sosial şəbəkələrdə bir sürücünün Sumqayıtda “QAZ 53” markalı yük maşını ilə avtoxuliqanlıq hərəkətləri etməsinə dair görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin dövlət yol polisi şöbəsi əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, hadisəni şəhər sakini 17 yaşlı Ə.Məmmədov atasına məxsus 31-BD-205 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədib. Sumqayıt Şəhər Polis İdarəsinin dövlət yol polisi şöbəsində həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və toplanan materiallar məhkəməyə göndərilib.



 
Sürücünün yaşı nəzərə alınaraq barəsində inzibati qaydada həbs cəzası tətbiq edilməyib və o, 1000 manat məbləğində cərimə olunub.

Həmçinin sosial şəbəkələrdə Sumqayıt şəhərində toy karvanında avtoxuliqanlıq edən “VAZ 2106” markalı avtomobilin sürücüsünün də görüntüləri yayılıb. Sumqayıt Şəhər Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən həmin sürücü - Məhəmməd Fərzəliyev saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Fərzəliyevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs olunub.