Ev sahibinin bəxti gətirdi:Hamı belə şanslı olmur


Zirzəmiyə sığınan ayı və balaları qış yuxusundan ayıldı və heç kimə zərər vermədi

Kaliforniyanın South Lake Tahoe əyalətinin sakini döşəmənin altından gələn qəribə səslərin mənbəyini tapmaq üçün mənzilə təhlükəsizlik məsələləri ilə məşğul olan xüsusi qrup çağırıb. Mənzildə araşdırma aparan qrup qeyri-adi səslərin nədən qaynaqlandığını nəhayət ki, üzə çıxarıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, mənzilin sahibi bir neçə gün döşəmə altından mırıltıya oxşar səslər gəldiyini fərq edib. Qonşulardan “siz də qəribə səslər eşidirsinizmi?” soruşub. 

Lakin “yox” cavabı alıb. Bölgədə bundan öncə də bir neçə ayının mənzillərə, mağazalara basqın etdiyini xatırlayan ev sahibi zirzəmidə ayı ola biləcəyindən şübhələnib. Mənzilə gələn təhlükəsizlik qrupu zirzəmiyə fənər tutduqda parıldayan gözlər görüblər. Zirzəmidə ayı balaları olduğuna şübhə qalmayıb. Balaları oradan necə çıxaracaqlarını düşünüblər və onlara qida gətiriblər. Qidanı görən ayı balaları başlarını zirzəmidən yavaş-yavaş çıxarıblar. Məlum olub ki, ana ayı da zirzəmidədir və 5 balası var. Qrupun taktikası işə yarayıb və ayılar zirzəmidən çıxıb. Qrupun icraçı direktoru Ann Bryant deyib ki, böyük ehtimalla ayı balalarıyla birlikdə dekabr ayından zirzəmiyə sığınıb və qış yuxusuna gediblər. Ev sahibinin bəxti gətirib ki, ayılar nə ona xəsarət yetirib, nə də mənzilə zərər vurub. Hamı belə şanslı olmur. Məsələn, kaliforniyalı bir qadın şimaldakı Tahoe Gölü yaxınlığındakı mənzilində ayının hücumuna məruz qalıb.  Ann Bryant “Hank the Tank” adlı, 500 kiloqram ağırlığındakı ayının aylardır küçələrdə dolaşaraq qida axtardığını söyləyib. Ayılar dəfələrlə mağazalara daxil olub ərzaqları dağıdıb. Bu, ayıların qida qıtlığı yaşamasının təzahürüdür. Təbiətdə özlərinə uyğun məskən tapa bilməyən ayılar isinmək üçün evlərin zirzəmilərinə, hətta mənzillərə də basqın edir. Qrup rəhbəri bununla bağlı sakinlərə xəbərdarlıq edildiyini də söyləyib.