Olmaz olsun belə valideyn! 

Ata və ananın qızlarını “kislota” ilə yandırıblar

“Bizim ailə sosial işçilərinə, ailə psixoloqlarına ehtiyacımız var”

“Müvafiq icra strukturlarının, həm də sosial işçilərin ailələrə "böhran müdaxilə proqramları" olmalıdır





Bakıda ata və ana birləşərək qızlarının üzünə sulfat turşusu (kislota) töküblər. Hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Bu barədə zərərçəkən qızın həyat yoldaşı Elnur Əhmədov məlumat verib. Qəsəbə sakini İldız İbayev 1986-cı il təvəllüdlü qızı, Yeganə Əhmədovanın üzünə “kislota” atıb. E.Əhmədovun sözlərinə görə, hadisəyə xanımının valideynləri ilə arasında olan mülk davası səbəb olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) üzünə kislota atılanY.Əhmədovanın son durumu açıqlayıb : “ Şəxs sentyabrın 26-sı, saat 10:20-də Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə daxil olub. Kəskin, qeyri-üzvi turşu ilə zəhərlənmə, ağız boşluğunun yanığı, qida borusunun yanığı diaqnozu qoyulub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır”.

Sosioloq Üzeyir Şəfiyev hadisə ilə bağlı "Sherg.az"a danışarkən bildirib ki, mülkiyyət münaqişələri fonunda valideynlərin birləşərək, məqsədli şəkildə övladına qarşı belə bir kobudluq etməsi ağlabatan görünmür. Burda daha ciddi səbəblər ola bilər: 

"Çünki bizim kimi cəmiyyətlərdə valideynlər öz övladlarının yaxşı yaşaması üçün çalışırlar. İstəyirlər ki, mülkləri özlərindən sonra övladlarına qismət olsun. 

Bu baxımdan indiki hadisənin belə əsasla baş verməsi bir qədər şübhə doğurur. Məsələ ilə bağlı daha dəqiq araşdırmalar aparılmalıdır. 

Bütün hallarda bu,  bir ailə konfliktidir. Əlbəttə baş verən hadisə arzulanan deyil və böyük ictimai qınaq, hüquqi məsuliyyət yaradır. 

Ailədaxili psixoloji durumla bağlı müvafiq qurumlar, eləcə də, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən vaxtaşırı monitorinqlər aparılsa daha yaxşı olar. Bizim ailə sosial işçilərinə, ailə psixoloqlarına ehtiyacımız var. 

Ailə psixoloqları belə hadisələr baş verməzdən öncə preventiv tədbirlər görə bilərlər. Ailə üzvləri arasında münaqişələri öyrənmək zamanında onların qarşısı almaq lazımdır. 

Müvafiq icra strukturlarının, həm də sosial işçilərin ailələrə "böhran müdaxilə proqramları" olmalıdır. 

Bunun üçün də sosial işçilərin lisenziyalı fəaliyyətinə ehtiyac var. Hazırda bizdə sosial işçilər olsa da, onların fəaliyyəti lisenziyalaşdırılmayıb. Hesab edirəm ki, həm psixoloqlar, həm də sosial işçilərin fəaliyyəti lisenziyalaşdırılmalıdır ki, onlar təkcə dövlət, qeyri-hökumət strukturlarında deyil, müstəqil şəkildə də fəaliyyət göstərib ailələrlə işləyə bilsinlər. 

Onların daxili böhranlarını araşdırsınlar. Bu baxımdan indiki məqamda ailələrlə iş zəruridir".