Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
“Report” xəbər verir ki, toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir.
Y.Gülər və C.Burculadze artıq Bakıdadır.
Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf prespektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.
Mövzu ilə bağlı "Sherg.az"a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda həm Cənubi Qafqazda, həm də yaxın Şərqdə baş verən hadisələrin fonunda kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyət formalaşıb:
"Belə bir vəziyyətdə Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli formatda hərbi əməkdaşlığının inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsi çox vacib prioritetlərdəndir. Üç qonşu ölkənin strateji tərəfdaşlıq platforması ilk növbədə bölgədə sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olmasına hesablanıb. Eyni zamanda hərbi təlimlər qardaş xalqların rifahının təmin olunması baxımından çox böyük əhəmiyyət daşıyır. Azərbaycan Türkiyə və Gürcüstan həm "Eternity", həm də "Qafqaz Qartalı" təlimlərində birgə iştirak edirlər. Buraya hərbi qulluqçular ilə bərabər, aidiyyəti dövlət qurumlarımızın nümayəndələri də cəlb edilir. Həmçinin, regionda baş verən təhdidlərin aradan qaldırılması üçün tapşırıqların yerinə yetirilməsi bu təlimlərin əsas ssenari xəttidir. Azərbaycan Türkiyə və Gürcüstan birgə təlimləri hər üç tərafdaş ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı uzlaşmanın təmin olunması üçün kifayət qədər önəmli tədbirlərdir. Bu görüşlər üç qonşu ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri üçün geniş imkanlar yaradır. Eyni zamanda görüş zamanı hərbi-texniki sahadə əməkdaşlığın genişləndirilməsi məsələlərinin də müzakirə olunacağı gözlənilir".
Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib