Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir.
Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan hərbi ekspert Ədalət Verdiyev bildiribki, hazırda bu təklifin reallaşdırılması mümkündür:
"Bildiyiniz kimi Azərbaycanda həqiqi xidmət müddəti 1 il 6 aydan ibarətdir. Birinci il ərzində yəni, əsgər 6 ay müddətdən sonra 10 gün, ikinci ildə isə növbəti 10 gün evə buraxılması ordumuzun döyüş hazırlığı səviyyəsinə mənfi təsir etməz. Ombudsmanın bu təklifi səsləndirməsini təqdirəlayiq hesab edirəm. Ümid edirəm ki, tam müzakirələrdən sonra sözügedən istiqamətdə müsbət qərar qəbul olunar".