Yaxın zamanda nəticələrini görəcəyik
Türkiyənin 5-ci nəsil qırıcısı “KAAN”ın ehtiyat hissələrindən biri Azərbaycanda istehsal olunur. Bunu Azərbaycan mətbuatına açıqlamasında Türk Aerokosmik Sənayesi (TUSAŞ) şirkətinin Baş direktoru Temel Kotil bildirib. O qeyd edib ki, Azərbaycanda da artıq müdafiə sənayesinin inkişafı yüksək templə irəliləyir. İki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq xüsusi önəm kəsb edir. Xatırladaq ki, Prezident İlham Əliyev qardaş Türkiyəyə səfəri zamanı iki dövlət arasında müdafiə sənayesi sahəsində ortaq istehsalla bağlı fikirlər səsləndirdi, bununla bağlı konkret planların olduğunu vurğuladı. Azərbaycanla Türkiyənin birgə hərbi istehsalla bağlı atacağı addımlar iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da güclənməsinə, mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Bu həm Azərbaycana, həm də Türkiyəyə imkan verəcək ki, öz müdafiə sənayesini yerli istehsal hesabına daha da gücləndirsin, ordularını daha keyfiyyətli silahlarla, hərbi texnikalarla təmin etsin. Müdafiə sənayesi sahəsində ortaq istehsalın ən mühüm üstünlüklərindən biri də, bunun Azərbaycan və Türkiyənin xarici idxaldan asılılığını azaldacağı ilə bağlıdır. Bu isə müasir dövrümüzdə çox mühüm, hətta həyati bir məsələdir. Birgə istehsal həm Azərbaycan, həm də Türkiyə ordusunun milli silahlarla silahlanmasını təmin edəcək, dünyanın qabaqcıl silah ixracatçılarından asılılığını azaldacaq və ya bu asılılığa son qoyacaq. Dünən XİN başçısı Ceyhun Bayramov Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə görüşüb. Görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxalıyev "Sherg.az"a deyib ki, Şuşa bəyannaməsindən sonra yeni yol xəritəmizdə iki ölkənin müdafiə sənayesinin birgə istehsala başlaması gözlənilən idi. Ekspertin sözlərinə görə, dövlət tərəfindən müdafiə sənayesi şirkətlərinə 2 milyard manata yaxın investisiya ayrılıb:
"Xüsusən, TUSAŞ, ASELSAN, ROKETSAN, HAVELSAN, "Baykar" şirkətləri ilə Azərbaycanın müdafiə sənayesinə məxsus şirkətlərlə hansı hərbi məhsulların, avadanlıqların birgə istehsalı mümkündürsə, onların araşdırılması aparılır. Türkiyənin "KAAN" döyüş təyyərəsi, o cümlədən "Bayraktar" pilotsuz uçuş aparatları və digər hərbi texniki avadanlıqların bəzilərinin birgə istehsalı mümkündür. Türkiyədəki mövcud şirkətlərin bazalarının bir hissəsi də Azərbaycanda birgə istehsal olaraq qurula bilər. Əsasən "KAAN" döyüş təyyarəsi üzərindən prosesin başlanması gözlənilir. Bu yöndə ciddi məsləhətləşmələr aparılır. Yaxın zamanda nəticələrini görəcəyik. Bu il üçün həyata keçirilən müdafiə sənayesi sərgisində Azərbaycan müdafiə sənayesində 104 məhsulla təmsil olunurdu. Bu hələ müdafiə sənayemizin son potensialı deyil. Sonrakı mərhələlərdə Türkiyənin müdafiə sənaye şirkətləri ilə birgə istehsal üzərindən bu həcm artaraq gedəcək. Bunun üçün iki istiqamətdə əsas lazımlı komponentlər var. Onlardan biri mühəndis heyətləri, ikincisi isə iqtisadi məsələdir. İkisi də həm Azərbaycanda, həm də Türkiyədə var. Bunların yan-yana gətirilməsi sayəsində hər iki ölkənin silahlı qüvvələrinin ehtiyaclarını ödəyə biləcək birgə istehsalı həyata keçirən şirkətlərin yaranmasını görəcəyik".