Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi üzrə həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlərlə bağlı məlumatlar şəxsi heyətə çatdırılır, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.
Həmçinin Müdafiə Nazirliyi rəhbərliyinin rəsmi görüşləri, eləcə də ölkədə və regionda baş verən hadisə və yeniliklərlə bağlı ətraflı məlumatlar verilir, Vətən müharibəsi və ondan sonrakı digər uğurlu döyüş əməliyyatlarında qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.
Bundan başqa, şəxsi heyətlə hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin düzgün təşkil edilməsi və digər mövzularda söhbətlər aparılır.
Vətən keşikçiləri məşğələlərə həvəslə yanaşır, öyrədilənləri dərindən mənimsəyir, üzərlərinə düşən vəzifələrin və Ana Vətəninə olan övladlıq borcunun məsuliyyətini dərk edirlər.