4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür. Azərbaycan mina problemindən əziyyət çəkən ölkə kimi beynəlxalq və regional çağırışlarını artırır. Çünki Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır. Təsadüfi deyil ki, Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə, ilkin qiymətləndirmələrə görə, 1,5 milyondan artıq mina basdırılıb. Bu minaları Ermənistan basdırıb və onun havadarları məsələyə görə susqunluq nümayiş etdirirlər. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3 429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 vətəndaşımız minaya düşüb. Onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. Ermənistanın Azərbaycana verdiyi mina xəritələri də İrəvanın siyasəti qədər saxtadır. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunan, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. “Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib. Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir”, - deyə Azərbaycan XİN bildirib. Bunlar azmış kimi, Ermənistan münaqişə bitdikdən sonra Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyi davam etdirib. Həmin regionda 2021-ci il Ermənistanın istehsalı olan minlərlə piyada əleyhinə mina aşkar edilməsi İrəvanın ikiüzlü siyasətinin bariz nümunəsidir. Bu gün Azərbaycan minatəmizləmə fəaliyyətinin 90 faizdən çoxunu daxili resursları hesabına aparır. Bu istiqamətdə bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən dəstək məhduddur. Bildirək ki, mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma torpaqlarına qayıdışı prosesini ləngidir, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır. Ancaq Qərb dairələri Ermənistanın terrorları, o cümlədən mina terroru ilə əlaqədar fəaliyyəti barədə susqundur.
"Vətən müharibəsi" başlayanda və bitəndən sonra işğaldan azad olunmuş ərazilərdə mina təmizlənmə işlərinin iki istiqamətda həyata keçirildiyini deyən hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a bildirib ki, birincisi hərbi strukturların dəstəyi ilə reallaşdırılırdı:
"Burada Silahlı Qüvvələrin tərkibində olan qoşunların mühəndis istehkam bölmələri iştirak edirdi. Digəri isə humanitar mina təmizləmə işləridir. Bunu ANAMA həyata keçirir. Bütün tələb olunan texnika, avadanlıqlar, mütəxəsislər daxili imkanlar hesabına reallaşdırılır. Ötən 4 il müddətində Azərbaycan minalardan əziyyət çəkib. Həm hərbi, həm də mülkü şəxslər həlak olub, bəziləri ağır xəsarət alıblar. Bu müddət ərzində Azərbaycan Ermənistandan dəfələrlə minalanmış ərazilərin xəritələrini tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək həqiqi xəritəni vermədilər. Təəssüf ki, hümanist mövqe nümayiş göstərən təşkilatların, Avropa İttifaqının, Qərb ölkələrinin Azərbaycana qarşı mənfi,laqeyd münasibəti göz qabağındadır. Onlar effektiv mövqe nümayiş etdirmirlər. Digər ölkələrə, məsələn Ukrayna ərazisindəki təmizləmə işlərinə isə operativ reaksiya verirlər. Buna səbəb siyasi riyakarlıq, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirmələridir. Otuz ilə yaxın əraziləri işğalda olan, milyondan çox məcburi köçkünə malik ölkəyə qarşı Qərb ölkələri və onların müttəfiqləri hələdə səmimi dəstək göstərmirlər. Bu Azərbaycanın həmin ölkələrlə münasibətlərinə təsir edir. Hesab edirəm ki, minalanmış ərazilər geniş şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Əks halda, Azərbaycan problemin həllinə külli miqdarda pul sərf etsə də, nəticə əldə edə bilmiyəcək. Çünki daha müasir texnologiyalara və peşəkar mütəxəsislərə ehtiyac var".