Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə Rusiyaya səfər edib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Rusiyanın Baş Hərbi Prokurorluğunda bir sıra tədbirlərdə iştirak edib.
Baş hərbi prokuror V.G.Petrov və digər rəhbər vəzifəli şəxslərin iştirakı ilə dəyirmi masa ətrafında keçirilmiş görüşdə o ölkələrimiz arasında olan yaxın dostluq münasibətlərindən və bu əlaqələrin yüksələn xətlə inkişafından, o cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsindən, daha da dərinləşməsindən danışıb.
Hərbi prokuror Xanlar Vəliyev Rusiya sülhməramlılarının səmərəli fəaliyyətindən də söz açıb. Ardınca tərəflər arasında hər iki ölkənin qanunvericiliyi, onun icra vəziyyəti, təkmilləşdirilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, eləcə də digər cinayətlərin istintaq taktikası, ibtidai araşdırma prosesində ortaya çıxan problemlər, onların həlli yollar ilə bağlı müzakirələr aparılıb.
Həmçinin bu qəbildən olan cinayətlərə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Rusiyanın Müdafiə Nazirliyinin Knyaz Aleksandr Nevski adına Hərbi Universitetinə gedərək, təhsil müəssisəsinin "prokuror-müstəntiq", "maliyyə-iqtisad fakültələrində, "Kriminalistika" və digər kafedralarda təlim-tədris prosesinin gedişi ilə yaxından tanış olublar.
Bundan sonra nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşüb.