
Ekspert: Yeni qırıcılar səmamızı qoruyacaq
Bu informasiya artıq rəsmi təsdiq edilib, mülahizə deyil
JF-17-lərin alınması Azərbaycanın regionda ciddi hava üstünlüyünə gətirib çıxaracaq
Azərbaycanın hərbi və geosiyasi gündəmi yeni mərhələyə qədəm qoyub. Müqaviləyə əsasən, Pakistan 4.6 milyard dollar dəyərində 40 ədəd 4.5-ci nəsil “JF-17 Block III” qırıcı təyyarəsini Azərbaycana satır və artıq növbəti partiya Bakıya çatdırılıb. Jurnalist Elbəyi Həsənlinin bildirdiyinə görə, bu hadisə beynəlxalq mediada da diqqət mərkəzinə çevrilib. ABŞ-nin nüfuzlu “National Interest” jurnalında dərc olunan “Niyə Azərbaycan ABŞ-Çin rəqabətinin növbəti cəbhəsidir?” adlı məqalədə vurğulanır ki, II Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda dominant mövqeyi artıb və bu, Vaşinqtonla Pekin arasında yeni strateji mübarizə sahəsinə çevrilir. Məqalədə həmçinin qeyd olunur ki, JF-17 təyyarələri Pakistan istehsalı olsa da, layihə Çin lisenziyası və texnologiyası əsasında həyata keçirilir. Beləliklə, Azərbaycanın bölgədəki hərbi-texnoloji tərəfdaşlıqları yalnız müdafiə sahəsində deyil, həm də beynəlxalq güc balansında yeni reallıqlar yaradır.
Mövzunu şərh edən hərbi ekspert Səxavət Məmməd isə Sherg.az-a açıqlamasında deyib ki, bu informasiya artıq rəsmi təsdiq edilib, mülahizə deyil.
Ekspert həmçinin qeyd edib ki, Azərbaycanın “JF-17 Block III" alması, təkcə aviasiya parkına yeni platformaların əlavə edilməsi deyil, strateji baxımdan ölkəmizin hərbi və siyasi imkanlarının həcmi baxımından mühüm dönüş nöqtəsidir:

““JF-17” siyasi-ideoloji yox, praktik məna daşıyan bir addımdır. Azərbaycan ilk dəfə 16 ədəd “JF-17 Block 3-cü” qırıcıların alınması ilə bağlı Pakistanla razılığa gəlmişdi. Sonradan rəsmi rəqəmlər Pakistan tərəfindən də təsdiq edildi ki, Azərbaycan 4 milyarda yaxın vəsait ayıracaq və 40-a yaxın “JF-17” qırıcıları alınacaq.
Bu qırıcılara bəzən “kasıbın F-16-sı” deyirlər. Kifayət qədər döyüş təcrübəsinə malik olan, Hindistan-Pakistan toqquşmalarında istifadə olunan qırıcılardandır. Bu qırıcıların kifayət qədər üstünlükləri var. Bu təyyarələr döyüş təcrübəsinə malik, təkmilləşdirilə bilən və regionun coğrafi şəraitinə uyğunlaşdırılmış platformalardır. Ərazi baxımından da sırf Azərbaycan kimi ölkələr üçün nəzərdə tutulub.
Hindistan–Pakistan toqquşmalarında tətbiq olunan bu tip qırıcılardan alınan dərslər göstərir ki, sistem və pilot hazırlığı, əməliyyat konsepsiyaları ilə birlikdə istifadə edildikdə onlar real taktiki üstünlük yarada bilir. Müasir radar və avionika sistemlərinə malik “Block III” versiyası, düzgün taktiki-döyüşdə tətbiq olunarsa, sərhəd müdafiəsində və hava məkanının qorunmasında ciddi rol oynaya bilər. Bu təyyarələrin effektivliyi pilotların və texniki heyətin peşəkarlığından, eləcə də dislokasiya, logistika, texniki xidmət və ehtiyat hissələri təminatından asılıdır. Yalnız təyyarələr gəlib çatmaqla iş bitmir; onların davamlı döyüş qabiliyyətinə malik olması üçün bazaların modernləşdirilməsi, ixtisaslaşmış təlim mərkəzlərinin yaradılması, pilot və mühəndis-texniki heyətin uzunmüddətli tədrisi vacibdir”.Azərbaycanın son dövrlərdə atdığı addımlara diqqət çəkən S.Məmməd qeyd edib ki, ölkəmiz regionda təkcə quru qoşunları, raket və artilleriya sayı ilə yox, həm də hava üstünlüyünə sahib olmaq istəyir:
“Bu, bir növ İsrail təcrübəsinə əsaslanır. Ümumiyyətlə, hava üstünlüyü bugünkü müharibələrdə həyati əhəmiyyətə malikdir. Dünyadakı nümunələrdən görünür ki, hava məkanında üstünlük əldə edən qüvvə sahədə daha rahat hərəkət edir və manevr imkanları qazanır. Rusiya–Ukrayna münaqişəsi də bu həqiqəti təsdiqləyir: hava vasitələrinin sayı, keyfiyyəti və onların saxlanılması daxilində formalaşmış üstünlüklər döyüş meydanında nəticələrə birbaşa təsir edir. Faktiki olaraq Rusiyanın hava üstünlüyü olduğuna görə, sahədə irəliləyən tərəfdir. Ukraynanın əlində olan döyüş hava vasitələri az və zəif olduğuna görə, ruslar onu tez sıradan çıxarır. Ukrayna üstünlük qazana bilmir.
Düşünürəm ki, “JF-17”-lərin alınması Azərbaycanın regionda ciddi hava üstünlüyünə gətirib çıxaracaq. İddiallara görə, Azərbaycan Rusiyadan “Su-35”lər də almaq istəyir. Çindən isə “J-10”lar almaq niyyətindədir.
Əgər nəzərdə tutulan bütün bu sistemlər əldə olunarsa və onların inteqrasiyası uğurla həyata keçirilərsə, Azərbaycan yalnız regionda deyil, daha geniş coğrafiyada da güclü hava potensialına malik ölkələr sırasına yüksələ bilər. Lakin bu, həm maddi-texniki, həm də vaxt baxımından genişmiqyaslı səylər tələb edir.
Yəni qırıcıların alınması və ölkəyə gətirilməsi bir qədər vaxt alan məsələdir. Ukrayna İsveçdən 150 ədəd "Qripen" qırıcıları sifariş elədi və bu qırıcılar Ukraynaya 10 ilə təhvil veriləcək. Azərbaycanın da sifariş etdiyi “JF-17”lərin və alınması nəzərdə tutulan “Su-35” və “J-10” qırıcıların gəlişi 10 il ərzində yekunlaşacaq. Lakin bu prosesin başladılması özü artıq strateji üstünlükdür.
Daha sonrasında isə ordumuzun mobilləşməsi istiqamətində addımlar atılacaq. Əgər bu sahələrdə ardıcıl və düzgün addımlar atılsa, Azərbaycan təkcə regionun deyil, dünyanın nüfuzlu hava qüvvələrindən birinə malik ölkəsinə çevrilmək istiqamətində əhəmiyyətli irəliləyiş əldə edəcək”.