“Şuşanın futbol komandası mütləq olmalıdır”

İlqar Tağıyev: “Adı "Qala" da ola bilər, "Xarıbülbül" də, "Cıdır düzü" də...”

"Qarabağ" futbolumuzu abırını saxlayır"

“İnformasiyalı Cəmiyyət Uğrunda” İctimai Birliyinin sədri, tanınmış hüquqşunas Mehman Muradlı şəxsi "facebook" səhifəsində maraqlı təkliflə çıxış edib. O, Şuşada "Qala" adlı futbol klubunun yaradılması təşəbbüsünü irəli sürüb.

Təklifə münasibət bildirən "525-ci qəzet"in şöbə müdiri, idman yazarı İlqar Tağıyev "Şərq"ə açıqlamasında bildirib ki, əslində bu ideya çoxdan var. O, bu təklifin yaxşı yox, əla olduğunu bildirib:

"Təkcə Şuşada deyil, işğaldan azad olunmuş digər rayonlarda da futbol komandasının təsis edilməsi vacibdir. Düzü, bunları yaratmaqda bir qədər gecikirik. Çünki artıq bir ilə yaxındır ki, torpaqlarımızı işğaldan azad etmişik. Amma geridə qalan müddətdə bu yöndə hansısa iş görülməyib. İstər sovet, istərsə də müstəqillik dövründə azad etdiyimiz rayonların çoxunun komandası olub. Hətta müstəqillik qazandıqdan sonra birinci divizionda mübarizə aparıblar. Kəlbəcər və Laçın rayonları dağ rayonları olduğuna görə bu ərazilər futbola bir qədər yaddır. Amma Laçın və Kəlbəcərin adına komanda təsis olunması da çox yaxşı olardı. Ən əsas da Şuşanın".

İ.Tağıyev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizin futbol komandalarının yaradılması üçün ölkəmizdə geniş imkanlar var:

"Məlum məsələdir ki, Ağdamın komandası var. Artıq neçə ildir ki, "Qarabağ" adlı komanda meydanlardadır. Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir. Yeri gəlmişkən, maraqlı bir faktı nəzərinizə çatdırım. 44 günlük Vətən müharibəsi qələbəmiz ilə başa çatdıqdan sonra ötən ilin təxminən noyabr, dekabr aylarında AFFA öz rəsmi saytında belə bir məlumat yaymışdı ki, işğaldan azad olunmuş rayonlarımızın komandaları yaradılacaq. Və növbəti mövsümdən, yəni 2021/22-ci illər mövsümündən etibarən Region Liqasında mübarizə aparacaq. Amma çox təəssüf ki, bu, elə söz olaraq qaldı, heç bir əməli iş görülmədi. Düzdür, ötən mövsüm Region Liqası pandemiyaya görə keçirilmir. Bu il keçirilib, keçirilməyəcəyi isə sual altındadır. Amma ən azından komandaların yaranması baxımından nəsə bir iş görmək olardı. AFFA 1-ci Divizionu təşkil etməyə çətinlik çəkir.  Divizionda hazırkı çempionatda 13 komanda var. Bu 13 komandanın 8-i Premyer Liqada çıxış edən komandaların əvəzediciləridir. Yəni işğaldan azad olunmuş rayonlarımızın komandalarını yaratmaqla, onları diviziona buraxmaq olardı. Həm çempionata maraq artardı, həm kütləvilik olardı. Neçə-neçə  futbolçu futbolsuz, məşqçi işsiz qalmazdı. Amma təəssüf ki, bunu saytda məlumat kimi verdilər. Vəssalam".
 
İlqar Tağıyevin sözlərinə görə, təəssüf ki, bunun yaxın gələcəkdə reallaşacağına ümid çox azdır: 

"Doğrudur, arqument gətirilə bilər ki, AFFA həmin məlumatı verəndə komandaların Region Liqasında çıxışını nəzərdə tutmuşdu, ancaq o keçirilmir. Amma ən azından bayaq qeyd elədiyim kimi, diviziona buraxmaq olardı. Digər tərəfdən yenə arqumet gətirilə bilər ki, həmin rayonlarda futbol infrastrukturu, stadion yoxdur.

Bəs onda komandalar yenə Bakıda, Sumqayıtda oynayacaq? Ancaq bunun da çıxış yolu var. Məsələn, Şuşanın komandasını yaratmaq olardı. Ad indi fərq eləmir "Qala", "Xaribülbül", "Cıdır düzü" də və s. kimi çox ad qoymaq olar.  Komanda heç də  Bakıda məskunlaşmazdı.

Niyə Bakıda, Sumqayıtda məskunlaşmalıdır ki? Məsələn, Ağdamın Quzanlı qəsəbəsi var. Hansı ki, orada İdman Olimpiya Kompleksi fəaliyyət göstərir. Dövlət o boyda kompleks tikib, stadionu da bomboş qalıb.

Məsələn, Füzulini götürək. Onun komandasını yaratmaqla komandanı Bakıda, Sumqayıtda deyil, Horadizdə yerləşdirmək olardı. Horadiz Füzulinin qəsəbəsidir və orda da İdman Olimpiya Kompleksi var.

Komandanı orda yerləşdirmək, yarışları orda keçirtmək də olardı.  Və yaxud Suqovuşanın komandasını yaratmaq olardı.

Hazırda Tərtər İdman Olimpiya Kompleksi bomboşdur. Suqovuşanın özündə stadion və yaxud nəsə bir idman qurğusu tikilənə kimi komandanı orda da yerləşdirmək olardı. Yəni variantlar çoxdur. Çox şey etmək olardı.

Ancaq təəssüf ki, futbol Azərbaycanda ən axırıncı planda olan sahələrdən biridir və itirə-itirə gedirik. Bunu ötən gün Lüksemburqla oyununda da gördük. Ki, Azərbaycanda futbol nə gündədir. Yalnız "Qarabağ"ı çıxmaq şərtilə. "Qarabağ" futbolumuzun abırını saxlayır. "Qarabağ" da olmasa, futbolumuz çox bərbad gündədir və bataqlığın dibindədir. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə müsbətə doğru addımlar atılacaq".