Azərbaycan beynəlxalq hava dəhlizinə çevrilir: “Tranzit ölkə olacağıq”

Dünən Bakıdan uçan “AZAL”a məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında, Füzuli beynəlxalq hava limanında eniş edib.  Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edir.
İqtisadçı- ekspert Pərviz Heydərov Füzuli aeroportunun iqtisadi dividentləri barədə “Sherg.az”a danışıb. Onun sözlərinə görə əsas məqsədlərdən biri ölkəni beynəlxalq hava dəhlizinə çevirməkdir: 

“Həmçinin, beləliklə, Azərbaycan tranzit ölkə olacaq. Qeyri-neft sektorunun inkişafı təmin ediləcək. Füzulinin mühüm strateji mövqeyə sahib olduğu da unudulmamalıdır. Təsadüfi deyil ki, torpaqlarımız azad ediləndən sonra görülən ilk işlərdən biri Füzuli aeroportunun tikilməsi oldu”.

P.Heydərov, həmçinin hava limanının digər əhəmiyyətlərindən söz açdı: 

“Aeroport həm də hərbi önəm daşıyır. Hava limanı gələcəkdə potensial təhlükənin qarşısını ala bilər. Eyni zamanda nəzərə almalıyıq ki, bir neçə ilə regionun iqtisadi potensialı lazımi səviyyəyə çatacaq. Gələcəkdə Laçın və Qubadlıda yeni aeroportlarn tikilməsi həmin iqtisadi potensialın şaxələndirilməsinə kömək edəcək. Ümumiyyətlə, hazırda Azərbaycanda altı beynəlxalq aeroport var. Əminəm ki, Füzuli hava limanı onların bir çoxundan daha işlək olacaq”.