“ABŞ Azərbaycanın azad iqtisadi zonasında iştirak edəcək”

“Çünki dövlətimiz bölgədə böyük enerji layihələri ilə yanaşı beynəlxalq əhəmiyyət kəsb edən nəqliyyat və azad zona yaradıb”


ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ADA Universitetində "Regional enerji təhlükəsizliyi" mövzusunda keçirilən simpoziumda çıxış edib. O, qeyd edib ki, Azərbaycan uzun illərdir strateji və ticarət tərəfdaşları ilə birgə dayanıqlı enerji infrastrukturu yaradıb.Cənub Qaz Dəhlizinin tikintisini başa çatdırmaları münasibətilə SOCAR və BP-ni təbrik edən Ö. Litzenberger bu layihənin qarşıdakı onillər boyu Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcəyini bildirib:

“Cənub Qaz Dəhlizi Azərbaycanı və SOCAR-ı bir çox müttəfiqlərimiz və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyi baxımdan öncül mövqeyə çıxardır”.
Amerikalı diplomat Avropaya və başqa regionlara enerji daşıyıcıları tədarükü sahəsində Cənub Qaz Dəhlizi layihəsini və Azərbaycanı dəstəkləməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Azərbaycanın Amerika ilə enerji sahəsində hər zaman uğurlu əməkdaşlıq etdiyini vurğulayan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a söyləyib ki, hər iki ölkə enerji təhlükəsizliyinə dair böyük layihələri həyata keçirib:

 “Bakı-Tblisi-Ceyhan layihəsi nəticəsində Avropa ölkələri Azərbaycan neftindən bəhrələnə bilib. Amerika bu layihəni həyata keçirməkdə dövlətimizə siyasi dəstək verib. Eyni zamanda Cənub Qaz Dəhlizi artıq Avropanın qaz enerjisi ilə təmin olunması prosesində böyük rola malikdir.

Bəzi ölkələr məhz Azərbaycan qazı hesabına enerji təhlükəsizliyini təmin edə bilib. Ona görə də Amerika hər zaman ölkəmizin enerji layihələrini dəstəkləyib və onları yüksək qiymətləndirib. Bizim bu sahədə əməkdaşlığımız davam etdiriləcək. Ümid edirəm ki, ABŞ gələcəkdə də Azərbaycanın azad iqtisadi zonasında iştirak edəcək.

Çünki dövlətimiz bölgədə böyük enerji layihələri ilə yanaşı beynəlxalq əhəmiyyət kəsb edən nəqliyyat və azad zona yaradıb. Bu da bölgənin ticarət dövriyəsini artıracaq, bəzi ölkələrin, xüsusilə Amerikanın müttəfiqi olan dövlətlərin bu prosesdə marağını gücləndirəcək.

Bu istiqamətdə olan əməkdaşlıqlar da Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir”.