Dövlət xətti ilə verilən kirayə mənzillərlə bağlı problemlər...

“Dövlət bu sahədə şəffaflığın təmin edilməsi ilə bağlı işlər görməlidir”

“Həm informasiya sahəsində effektivlik təmin edilməli, həm də qiymətlər əlçatan olmalıdır”


Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlanıb. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 1,9 milyard manatı ötüb. Ümumilikdə bu günə qədər fond 35 416 borcalana 1 900 902 211 manat məbləğində ipoteka krediti verib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 991 mənzil satmaq öhdəliyi ilə kirayəçilərin istifadəsinə verilib.
Təkcə 2021-ci ilə nəzər saldıqda isə ilin əvvəlindən bu günə qədər dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 578 mənzil təqdim edilib.

Qeyd edək ki, vətəndaşların bir qismi dövlət xətti ilə kirayə verilən mənzillərlə bağlı şəffaflığın təmin edilməməsindən narazıdır. Maraqlıdır, bu sistemin şəffaf olması üçün hansı tədbirlər görülə bilər?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a söyləyib ki, bu məsələ ilə məşğul olan dövlət qurumlarının saytlarındakı məlumatlar o qədər azdır ki, vətəndaşlar yetərli informasiyaya yiyələnə bilmirlər:

“Ona görə də əhalinin dövlət xətti ilə verilən kirayə mənzilləri əldə etməsində müəyyən problemlər yaranır. Dövlət bu sahədə şəffaflığın təmin edilməsi ilə bağlı işlər görməlidir. Həm informasiya sahəsində effektivlik təmin edilməli, həm də qiymətlər əlçatan olmalıdır. 

Kirayə mənzillərlə bağlı qeydiyyatdan keçən vətəndaşlara şəffaf şəkildə xidmət göstərilməlidir. 

Çünki həddindən çox insan dövlət xətti ilə verilən kirayə mənzillərlə maraqlanır. Ona görə də qeydiyyatı uğurla tamamlayan şəxslərin bu mənzillərdən yararlanmasını tam şəffaf təmin etmək lazımdır. Bu zaman mövcud narazılıqlar aradan qalxacaq”.

Yeganə Bayramova