Manata ZƏRBƏ: “Alıcılıq qabiliyyəti aşağı düşəcək”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 16-da əhalinin sosial rifahının yaxşılaşmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Hazırda dünya ölkələri koronavirus pandemiyasının yaratdığı dərin böhranla üz-üzədir. Hətta ən çox inkişaf etmiş ölkələr belə yaranmış çətinliklər qarşısında aciz qalıblar. Belə bir vaxtda  Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılır. Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. 

Dövlət başçısının məlum sərəncamının çox yerində imzalanmış və olduqca əhəmiyyətli bir sənəd olduğunu söyləyən iqtisadçı-ekspert Pərviz Heydərov “Sherg.az”a bildirib ki, cari ildə ölkəmizdə sosial istiqamətdə heç bir artım həyata keçirilməyib:

“Çünki əvvəla, may ayından etibarən iqtisadiyyat tənəzzüldən qurtuldu, ikincisi də, bu il üçün vəziyyət, ümumiyyətlə, bir sıra konturlar təxmini olaraq proqnozlaşdırılmışdı. O səbəbdən ki, qeyri-müəyyənlik davam edirdi və ilin başa çatmasına cəmi 3 ay qalsa da, sular hələ də tam durulmamış sayılır. Bununla belə, gələn il üçün əhalinin sosial müdafiəsini gücləndirmək və gəlirlərini artırmaq istiqamətində hər halda müəyyən addımlar atmaq fövqəladə vacib hadisə sayılırdı. Və hökumətin də buna gedəcəyi aydın sezilirdi. Çünki buna şərait və imkan da var. Həm cari ilin dövlət büdcəsinin icrası ilin əvvəlindən bəri profisitlə icra olunur, həm vergi və gömrük rüsumları üzrə yığım artıqlaması ilə yerinə yetirilir, həm də il başlanandan neftin dünya bazar qiymətləri əlverişli vəziyyətdə olub və olaraq da qalır.

Üstəlik, ortada ciddi bahalaşma var.  İl başlanandan bəri davam edən bu bahalaşma səngimək bilmir və hələ getdikcə, daha da genişlənmə vəd edir. Ona görə ki, bunun əsas kökü dünya bazarlarından qaynaqlanır. Və çox rəvan şəkildə ölkə daxilinə - daxili istehlak bazarımıza sirayət edir. Çünki ən çox istehlak olunan məhsullar üzrə idxaldan asılı vəziyyətdəyik”.

P.Heydərov qeyd edib ki, dünyada və ölkəmizdə davam etməkdə olan bahalaşma, xüsusən də ərzağın qiymətlərinin yüksəlməsi prosesi əhalinin sosial müdafiəsini gücləndirməyi və gəlirləri artırmağı bir nömrəli vəzifəyə çevririr:

“Düzdür, bu məsələ hökumətin həmişə diqqət mərkəzində olub, əsas prioritetlərindən sayılıb və sayılır. Xüsusən də, son illər ərzində əməkhaqları, pensiya və sosial müavinətlər dəfələrlə artırılıb.

Ancaq hazırda vəziyyət başqadır. Sosial istiqamətdə növbəti iri miqyaslı artımlara gedilməlidir. 

Bəli, ola bilsin ki, qazın və elektrik enerjisinin tariflərinin artırılması və ardınca da Prezident tərəfindən əhalinin gəlirlərinin yüksəldilməsi haqda verilən sərəncam bazarda qiymətlərin yaxında daha spontan şəkildə qalxacağını qaçılmaz edir. 

Bahalaşma onsuz da var idi və il başlanandan bəri davam etməkdədir. Tarif Şurası ilə Dövlət başçısının qərarları isə İstehlak Bazarında katalizator rolunu oynayacaq. 

Uduzan və zərbə yeyən manat olacaq, onun alıcılıq qabiliyyəti aşağı düşəcək. Amma başqa çıxış yolu yoxdur !”.