Əsas hədəf: “Qeyri-neft sektoru inkişaf etdirilsin, yeni iş yerləri yaradılsın"

“Hər cür yenilik və islahatlar tətbiq edilir ki, qeyri-neft sektorunun investisiya həcmləri çoxalsın”

“Eyni zamanda xarici investorlar da qeyri-neft sektorumuza böyük diqqət göstərsinlər. Hər bir investisiya isə yeni iş yeri deməkdir”



İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb ki, bu ilin doqquz ayında ölkəmizdə 1152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib. Nazir qeyd edib ki, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq”.

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov qeyd edib ki, Azərbaycan iqtisadiyyatında hökumətin qarşıya qoyduğu əsas hədəf qeyri-neft sektorunu inkişaf etdirməkdir.
Qeyri-neft sektorunun ölkə iqtisadiyyatında aparıcı qüvvəyə çevrilməsi üçün böyükhəcmli investisiyalara ehtiyac olduğunu vurğulayan iqtisadçı söyləyib ki, bu investisiyalar həm daxili, həm də xarici mənbələr hesabına təmin edilməlidir:

“Hökumətin neçə illərdir ki, bu istiqamətdə təbliğat və təşviqat işləri geniş şəkildə aparılır. İstər qanunvericilik, istərsə də iqtisadiyyatın idarə edilməsi sahəsində sturuktur dəyişiklikləri baxımından hər cür yenilik və islahatlar tətbiq edilir ki, qeyri-neft sektorunun investisiya həcmləri çoxalsın. Eyni zamanda xarici investorlar da qeyri-neft sektorumuza böyük diqqət göstərsinlər. Hər bir investisiya isə yeni iş yeri deməkdir. Yeni iş yerlərinin açılması işsiz hesab olunan məhsuldar qüvvələrin məşğulluğunun təmin edilməsidir”.

P.Heydərovun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il əmək bazarına yeni işçi kütləsi daxil olur. Bu da yeni çağırış və tələblər yaradır:

“Hökumət istəyir ki, il ərzində bazara daxil olan yeni işçi kütləsinin heç olmasa müəyyən hissəsini işlə təmin etməklə ölkədə məşğulluq problemininin böhranlı vəziyyətə gəlib çıxmasına imkan verməsin. 

Hazırda ölkədə əvvəlki illərlə müqayisədə işsizlik səviyyəsi xeyli dərəcə aşağı düşüb. 

Rəsmi rəqəmlərə görə, Azərbaycanda işsizlik 10 faizdən aşağıdır. Halbuki vaxtilə bu rəqəm ikirəqəmli şəklində özünü büruzə verirdi. 

Ona görə də xarici investisiya qoyuluşlarının artmasına daha çox nail olmaq lazımdır ki, yeni iş yerləri açılsın və ölkədəki məşğulluq problemi həllini tapa bilsin”.