Bank məcəlləsi niyə hazırlanmır? - Açıqlama

“Bank qanunvericiliyimiz günün tələblərinə cavab vermir”

“Bank nəzarətinin həyata keçirilməsi mexanizmi zəifdir. Bunu da son illər müflisləşən bankların sayında görə bilərik”


Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmovun sözlərinə görə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyanın formalaşmasında AMB da aktiv iştirak edir. O qeyd edib ki, bu baxımdan maliyyə sektorunun qarşısına olduqca ciddi vəzifələr qoyulub:
“Maliyyə sektorunda çox ciddi islahatlar aparılacaq, çox ciddi proseslər gedəcək. Bank sektoru, hər bir maliyyə institutu qarşıdakı dövrdə korporativ inkişafı, korporativ idarəetmə standartlarının tətbiq edilməsi, insan kapitalının inkişafı, daxili bilik-bacarıqlar, ekspertiza imkanlarını, daxili texnoloji, tədqiqat və proqnozlaşdırma bazalarını ciddi şəkildə artırmaq üzərində düşünməlidir”.

E.Rüstəmov bildirib ki, bu günlərdə hökumət və AMB yeni milli inkişaf strategiyası müəyyən edib:

“Bu strategiya 2030-cu ilə qədər hesablanıb. Onun birinci mərhələsi 2022-2026-cı illəri əhatə edəcək. Bu strategiyanın əsas elementləri iqtisadi artım, iqtisadi şəffaflıq, şaxələnmə, yaşıl iqtisadiyyat, ətraf mühit, inkluzivlik və digər dünyada baş verən ən müasir proseslərə cavab olaraq müəyyənləşdirilib. Strategiyada ən mühüm istiqamətlərdən biri bütövlükdə iqtisadiyyatın şaxələndirilməsidir, dövlət investisiyalarının özəl investisiyalarla əvəz edilməsidir. Burada bank sektorunun üzərinə olduqca böyük məsuliyyət düşür, sektorun qarşısında olduqca böyük çağırışlar var”.

Mövzu barədə “Sherg.az”a danışan bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov qeyd edib ki, “Mərkəzi Bank haqqında” qanuna görə, bu bank müstəqildir, yəni hakimiyyətin heç bir qolundan - nə parlament, nə də icra hakimiyyətindən asılıdır:

“Bu baxımdan Elman müəllimin dedikləri bir az təəccüblüdür. Cənab Prezident heç vaxt Mərkəzi Banka göstəriş vermir. Çünki ölkə başçısı fəaliyyətini hər zaman qanunauyğun formada həyata keçirir. 
Elman müəllimin “Maliyyə sektorunda çox ciddi proseslər gedəcək” fikirlərinə gəlincə, ilk dəfə 2004, ikinci dəfə isə 2014-cü ildə bank məcəlləsinin hazırlanmasına dair göstəriş verilib. Lakin bu günə kimi məcəllə hazırlanmayıb. Təəssüf ki, bank qanunvericiliyimiz günün tələblərinə cavab vermir. Bank nəzarətinin həyata keçirilməsi mexanizmi zəifdir. Bunu da son illər müflisləşən bankların sayında görə bilərik. Eyni zamanda istehlakçıların hüquqları müdafiə olunmur və bu sahəni gücləndirmək lazımdır”. 

Ə.Həsənov fikrincə, bank olmayan kredit təşkilatlarının fəaliyyətini də genişləndirmək lazımdır:

“Həmin təşkilatlar kredit verməkdən başqa heç nə ilə məşğul ola, adi pul köçürməsini həyata keçirə bilmirlər. Digər tərəfdən “Azərpoçt”un səlahiyyətləri genişlənməli, bu qurum həm də kredit verə bilməlidir. Çünki bu gün istehlakçı vətəndaşlar üçün maliyyə xidmətlərinə əlçatanlıq problem var. Ucqar kəndlərimizdə bank xidmətləri yoxdur, amma poçt var. Deməli, poçtların maliyyə imkanları genişləndirilməlidir. Bütün problemlər qanunun mükəmməl olmamasından başlayır”.
--