Azərbaycanda vergi orqanlarına müraciətlər 10% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın vergi orqanları 183 283 müraciət qəbul edib.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% azdır.

9 aylıq müraciətlərin 166 737-si ərizə, 16 338-i şikayət, 208-i təklif olub. 77 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Baxılmış 178 547 müraciətdən 66,6 %-i müsbət həll olunub, 29,6%-i barədə müvafiq izahat verilib.

Müsbət həll olunmuş 5 409 faktiki şikayətin 83%-i kameral vergi yoxlamaları, 4,6%-i maliyyə sanksiyasının silinməsi, 2,3%-i vergi borcları, 10,1%-i isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatına 16 607 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,6% azdır.

9 ay ərzində Aparatda ümumilikdə 59 vətəndaşın videoqəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülərək qanunamüvafiq izahatlar verilib.