Azərbaycanın idxal etdiyi benzinin həcmi AÇIQLANIB - SİYAHI


2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan ümumi 114 900,68 ton həcmində benzin (82 385 630 dollar dəyərində) idxal edib.

Oxu.Az-ın araşdırmasına görə, ümumi idxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

Belə ki, bu dövr ərzində 108 241,01 ton həcmində, 78 635 380 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib. Bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 726,48 dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövründə idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün gömrük dəyərindən 22,7 faiz çoxdur.

Bu dövrdə ölkəyə 1 664,01 ton həcmində və 1 363 210 dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün məhsulun gömrük dəyəri 819,23 dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə idxal edilən bir ton “Aİ-98” markalı benzinin gömrük dəyərindən 3,1 faiz çoxdur.

Bu rəqəmlər onu göstərir ki, Azərbaycanın idxal etdiyi “Aİ-95” premium ilə “Aİ-98” super markalı benzinin xarici dövlətdən alış dəyəri artıb.  

Eləcə də, bu dövrdə 4 995,65 ton həcmində 2 387 040 dollar dəyərində oktanı 95-dən az olan benzin idxalı baş tutub. Bu məhsulun bir ton üçün gömrük dəyəri 477,8 dollar təşkil edib.

Əlavə edək ki, Azərbaycan 2021-ci ilin müvafiq dövründə benzin tədarükünü aşağıda qeyd edilən ölkələrdən həyata keçirib:

Oktan dəyəri 95-dən az olan benzin

Gürcüstan - 4 995,65 ton (2 387 040 dollar dəyərində)

“Aİ-95” markalı benzin

Rusiya - 47 826,12 ton (32 979 950 dollar dəyərində)

Türkmənistan - 4972,01 ton (3 680 710 dollar dəyərində)

Gürcüstan - 559,32 ton (399 150 dollar dəyərində)

İran - 4 471,04 ton (2 967 470 dollar dəyərində)

Rumıniya - 45 417,04 ton (34 416 620 dollar dəyərində)

Kipr - 4995,48 ton (4 191 460 dollar dəyərində)

“Aİ-98” markalı benzin

Belarus - 237,45 ton (196 460 dollar dəyərində)

Rumıniya - 1 325,74 ton (1 076 430 dollar dəyərində)

Yunanıstan - 100,83 ton (90 330 dollar dəyərində)