Neftin qiyməti 90 dollara yaxınlaşır


Bu, büdcənin daha sabit, daha dayanıqlı olması üçün əsas təminatdır

2022-ci ilin dövlət büdcəsi riskləri olmayan bir büdcədir. Son illər büdcə stabilləşib və tarazlı hala gəlib. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələri zamanı deyib.
Z.Əsgərov bildirib ki, büdcə müzakirəsi müharibədən sonrakı bir dövrdə aparılsa da, yenə də büdcə sosial yönümlüdür: “Müharibədən sonra büdcəmizin tarazlı olması və ölkədə iqtisadi artımın qeydə alınması çox ciddi məsələdir. Müharibə bizə böyük vəsait hesabına başa gəlib, amma bununla belə Azərbaycanın bu cür büdcəsinin olması çox müsbət haldır. Büdcədə təhlükəsizlik məsələləri üçün kifayət qədər vəsait ayrılıb. Müdafiə və təhlükəsizlik üçün gələn il büdcədən 4,5 milyard manat nəzərdə tutulub. Biz bu vəsaitin digər istiqamətlərə ayrılmasını istərdik, amma nə edək ki, Ermənistan kimi qonşumuz var. Təhlükəsizlik orqanlarının fəaliyyəti həmişə yüksək səviyyədə olmalıdır” - deyə Z.Əsgərov bildirib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda büdcə gəlirlərinin ümumiyyətlə, sabitləşdirilmiş və balanslaşdırılmış olması neft qiymətlərindən asılıdır. Ekspert qeyd edib ki, son illərdə neft qiymətlərində bir sabitlik müşahidə olunur, hətta yüksəlmə müşahidə olunur: 

"Bu il məsələn, son 5-6 ildə tarixi maksimumlarını yaşayırıq. Azərbaycan neftinin qiyməti 87 dollar idi. İndi neft qiymətləri 90 dollara yaxınlaşır. Bu, büdcənin daha sabit, daha dayanıqlı olması üçün əsas təminatdır. Yəni büdcənin dayanıqlı olmasının əsas səbəbi iqtisadi aktivlik yox, məhz neft qiymətləridir. Təəssüf ki, hələ də Azərbaycan büdcəsinin tən yarısı Neft Fondundan, transfertlərdən və neftdən gələn gəlirdən asılıdır. Bu mənada bəli, neftin qiyməti nə qədər yüksəkdirsə, büdcənin sabitləşməsi və balanslaşdırılması bir o qədər asan həyata keçirilən məsələdir".