Yoxlamalar heç bir narahatlıq yaratmayacaq


Əlillik müddəti bitən hər bir şəxs nazirliyə yenidən müraciət etməlidir

Vətəndaşların əlillik müddəti bitdiyindən onlar aidiyyəti üzrə müraciət edərək müvafiq yoxlamalardan keçib təkrar əlilliklərinin uzadılmasını təmin edə bilərlər. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, bu il 193 min insanın 5 illik əlillik müddəti bitir. “Onların heç birinin əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxlanılmayıb. Bu, qanunvericiliklə tənzimlənən məsələdir” - deyə nazir bildirib.

Mövzu ilə bağlı Qarabağ qazisi Rey Kərimoğlu "Şərq"ə açıqlamasında bildirib ki, əslində bu, yeni qəbul edilmiş qərar deyil. O, açıqlamasında vurğulayıb ki, əlillik müddəti bitən hər bir şəxs 5 il müddətindən sonra nazirliyə bununla bağlı yenidən müraciət etməlidir: 

"Bu qanun bir neçə il bundan öncə qəbul edilib. Hesab edirəm ki, bu, həmin şəxslərdə gələcəkdə heç bir problem yaratmayacaq və heç bir narazılığa səbəb olmayacaq".